Axtarış-xilasetmə itləri necə öyrədilir?

17:04 13 Fevral 2023

Kahramanmaraşda baş verən zəlzələlərdən sonra Meksikadan Adıyamana gələn qrupun axtarış-xilasetmə iti Proteo, dağıntılar üzərində aparılan araşdırmalar zamanı həyatını itirib.

Sitat.info xəbər verir ki, Meksikada nəşr olunan "El Financiero" qəzeti axtarış və xilasetmə itlərini öyrətmək üçün necə və nə qədər vaxt lazım olduğunu yazıb.

Zəlzələlərin dağıntılara səbəb olduğu Adıyamanda çalışan Meksika qrupunun axtarış-xilasetmə iti Proteonun ölümündən sonra qrup, Proteonun xatirəsinə bir dəqiqəlik sükut və mərasim təşkil edib. Proteo axtarış-xilasetmə işləri çərçivəsində Meksikadan Türkiyəyə gələn 16 itdən biri olub.

Meksika Müdafiə Nazirliyinin nəzdində yetişdirilən bu itlərə 3 aylıq olanda mikroçip vurulur və şəxsiyyətləri silinir. İtlər 4 aylıq olduqdan sonra Axtarış və Xilasetmə qruplarına inteqrasiya edilərək təlimə başlayırlar və onların təlimləri bir yaşı tamam olana qədər davam edir. Daha sonra itlər orduda müxtəlif ixtisaslara bölünür. Bu ixtisaslardan biri təbii fəlakətlər zamanı insanların xilas edilməsini əhatə edir.

Proteonun sahə təlimçisi və məsul zabiti Villeda itin ölümündən sonra dedi: “Mən səninlə fəxr etdiyimi demək istəyirəm, çünki sən həmişə güclü, çalışqan, heç vaxt təslim olmayan bir it olmusan. Təəssüf ki, mənimlə geri dönə bilməyəcəksən, səni həmişə xatırlayacağam. Ümid edirəm ki, bütün Meksika səni həmişə xatırlayacaq, heç vaxt unutmayacaq. Bir gün yenə görüşəcəyik”.

Seymur Bənnayev

Sitat.info



Xəbər xətti