Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan arasında görüş başlayıb.
Sitat.info xəbər verir ki, nazirlərin təkbətək görüşündən sonra nümayəndə heyətləri arasında görüş olacaq.
Daha sonra Türkiyə və Ermənistan XİN başçıları birgə mətbuat konfransı keçirəcəklər.
Məsələ ilə bağlı Sitat.info-ya açıqlama verən politoloq Şahin Cəfərli bildirdi ki, bizim bəzi media qurumlarının Ermənistanın Türkiyəyə yardımları ilə bağlı apardığı əks-təbliğata əsasən demək mümkündür ki, Türkiyə-Ermənistan yaxınlaşması Bakıda məmnuniyyətlə qarşılanmır: " Lakin məlum səbəblərdən rəsmi səviyyədə bununla əlaqədar hər hansı narahatlıq, narazılıq ifadə olunmur. Əvəzində hakimiyyətə yaxın bəzi şəxslər CHP-ni "ermənipərəst mövqe" tutmaqda ittiham edirlər".
Politoloq hesab edir ki, Ankara bu məsələdə Azərbaycanın mövqeyini mümkün qədər nəzərə alır və alacaq: " Amma Türkiyədən özünün xarici siyasətini tamamilə Azərbaycanın siyasətinə indeksləməsini gözləmək və tələb etmək yanlışdır. Nəticədə iki müstəqil dövlətdən söhbət gedir, hər birinin öz maraqları var və bu maraqlar bəzən uzlaşmaya, üst-üstə düşməyə bilər.
Azərbaycan dövləti və xalqı olaraq biz Türkiyə ilə ikitərəfli münasibətlərdə "ərköyün balaca qardaş" psixologiyasından çıxmalıyıq".
Nərgiz,
Sitat.info