Bu gün günorta saatlarında Nizami rayonu, "Xalqlar dostluğu" metrostansiyasının qarşısında Nizmai Rayon İcra Hakimiyyətinin nümayəndələri ilə
səyyar satıcılar arasında mübahisə yaşanıb.
Sitat.info-nun təsadüfən ərazidə olan əməkdaşı yaşanan gərginliyi videolentə alıb.
Çəkiliş zamanı özlərini təqdim etməyən şəxslər metrostansiyanın ətrafında göyərti və qadın saç aksesuarları satan satıcıların dərhal yığışdırılamsını tələb ediblər.
Söhbət zamanı bildirdilər ki, səyyar satışla məşğul olanlar qeyri-qanuni fəaliyyət göstərdikləri üçün fonların fəaliyyətinə icazə verilmir.
Özlərini təqdim etməyən şəxslər ilk əvvəl çəkilişimizin qeyri-qanuni aparıldığını deyərək, mane olmağa da cəhd göstərsələr də, daha sonra peşə fəaliyyətimizi davam etdirdik.
Uzun mübahisədən sonra bu şəxslərin Nizami Rayo İcra Hakimiyyətinin nümayəndələri olduğunu öyrənə bildik. Lakin heç biri özlərini təqdim etmədi.
Satıcılar bildirdilər ki, illədir ki, burada səyyar satıcı kimi fəaliyyət göstərirlər: "10-15 ildir ki, satıcı işi ilə məşğulam. İllərdir ki, arabamda göyərti satıram. Yeganə qazanc yerimiz budur. Çox səliqəli, ətrafı çirkləndirmədən çörəkpulumu qazanıram.
Hamı razıdır. İndi mənə imkan vermirlər. İcra hakimiyyətin işçiləri gəlirlər ki, verin, yeyək".
Jurnalistika prinsiplərinə uyğun olaraq, Nizami Rayon İcra Hakimiyyətindən rəsmi məlumat almağa çalışdıq. Rayonun ictimaiyyətlə əlaqədar şöbəsindən Cavid adlı şəxslə əlaqə saxladıq.
O bildirdi ki, satıcılar həmin ərazidə qeyri-qanuni fəaliyyyət göstərirlər. Onların səyyar satıcıllıqla bağlı icazəsi yoxdur. İcra hakimiyyəti nümayəndələri və küçə ticarətinə nəzarət edən qurum birgə reyd keçirir.