Sudanda ordu ilə Çevik Dəstək Qüvvələri arasında 72 saatlıq atəşkəsə baxmayaraq, qarşıdurmalar davam edir və ölənlərin sayı 459-a çatıb.
Ordu ilə Çevik Dəstək Qüvvələri arasında atəşkəsə baxmayaraq, Sudanda atışma səsləri davam edir.
Sitat.info xəbər verir ki, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) münaqişələrdə həlak olanların sayının 420-dən 459-a, yaralıların sayının isə 4072-yə yüksəldiyini açıqlayıb.
Beynəlxalq Qırmızı Xaç Komitəsinin Afrika Regional direktoru Patrik Yusif bəyan edib ki, atəşkəs bütün ölkə ərazisində davam etdirilməli və mülki şəxslərə vaxt verilməlidir.
Minlərlə sudanlının qarşıdurmalar səbəbilə Misir və Çada qaçdığı öyrənilib. Birləşmiş Ərəb Əmirlikləri, Səudiyyə Ərəbistanı, Misir və ABŞ-ın Sudanda vasitəçilik səyləri davam edərkən, ölkələr münaqişələr səbəbilə vətəndaşlarını təxliyə etməyə davam edir.
Ukrayna Müdafiə Nazirliyinin bu gün verdiyi açıqlamada, 87-si Ukrayna vətəndaşı olmaqla ümumilikdə 138 nəfərin Misirə təxliyə edildiyi açıqlanıb. Cənubi Koreya 28, Yaponiya isə 53 vətəndaşını evakuasiya edib. Britaniya hökuməti vətəndaşlarının Sudandan geniş miqyaslı təxliyəsinə başladığını elan edərkən, Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığı yüz minlərlə insanın bölgədən çıxarılması üçün işlərin davam etdiyini bildirdi.
Açıqlamada 270 min insanın Sudandan təxliyə edilməsinin planlaşdırıldığı bildirilib. ABŞ dövlət katibi Antoni Blinken dünən gecə yarısından etibarən Sudanda tərəflər arasında 72 saatlıq atəşkəs elan edildiyini açıqlayıb.
Nərgiz,
Sitat.info