İran məhkəməsi ABŞ hökumətini və bəzi adları, o cümlədən keçmiş prezidentlər Corc Buş və Barak Obamanı DEAŞ terror təşkilatının 2017-ci ildə Tehranda törətdiyi hücumlara görə təqribən 313 milyon dollar təzminat ödəməsinə məhkum edib.
Sitat.info xəbər verir ki, İran Ədliyyəsinə bağlı "Mizan Xəbər Agentliyi"nin verdiyi məlumata görə, qərar terror təşkilatı DEAŞ-ın 2017-ci ildə həyata keçirdiyi hücumlarda həyatını itirənlərin ailələrinin ABŞ hökuməti və rəsmilərinə qarşı Tehran Mülki Məhkəməsində açdığı iddiada açıqlanıb.
ABŞ hökumətinə, keçmiş prezidentlər Obama və Corc Buşa, Mərkəzi Kəşfiyyat İdarəsinə (MKİ), Mərkəzi Komandanlığa (CENTCOM), CENTCOM-un keçmiş komandanı Tommy Franks, Maliyyə Nazirliyi, Lockheed Martin və "American Airways Group"a qarşı açılan iddiada ABŞ rəsmiləri "Terror qruplarının, o cümlədən DEAŞ terror təşkilatının təşkili və idarə olunmasında fundamental rola malik olmaqda" ittiham edilib.
Məhkəmə ABŞ höküməti ilə bu ölkənin qurum və rəsmilərini, terror hücumu nəticəsində həyatını itirənlərin ailələrinə ödənilmək üçün 9 milyon 950 min dollar maddi, 104 milyon dollar mənəvi və 199 milyon dollar da cəza təminatına məhkum edib.
Qeyd edək ki, 2017-ci il iyunun 7-də İranda inqilab lideri Ayətullah Xomeyninin məqbərəsinə və parlamentə silahlı və bombalı hücumlar nəticəsində 12 nəfər ölüb, 43 nəfər yaralanıb. Terror təşkilatı hücuma görə məsuliyyəti öz üzərinə götürüb.
Seymur Bənnayev
Sitat.info