Rusiyanın gizli casusları: Bu ölkələrdəki diplomatik korpuslarda "işləyirlər"

13:55 26 Aprel 2023

Şimali Avropada onlarla rus diplomatı gizli casus ola bilər.

Sitat.info “Yevropeyskaya Pravda”ya istinadən xəbər verir ki, bir sıra Skandinaviya ölkələrinin jurnalistləri Rusiyanın bölgədəki diplomatik nümayəndəliklərində gizli casusların olma ehtimalı ilə bağlı məlumat yayıblar.

Jurnalistlər, Xarici Kəşfiyyat Xidmətinin, QRU və ya FSB-nin işçiləri olduğu halda, diplomatik missiyaların işçiləri kimi çalışan onlarla adamı müəyyən ediblər.

Üç belə rusiyalı “diplomat” müəyyənləşdirilib ki, onların arasında Xarici Kəşfiyyat Xidmətinin ehtimal olunan əməkdaşı, əvvəlcə Rusiyanın Helsinkidəki səfirliyində işləmiş, sonra Kopenhagenə köçürülmüş, nəhayət 2022-ci ilin yazında oradan qovulmuş Dmitri Otoroçkin də var.

Digəri Helsinkidəki səfirlikdə işləyən 60 yaşlı Vladimir Komarov və açıq-aşkar QRU agenti olan 37 yaşlı Dmitri Dvinyaninovdur. Onlar 2022-ci ilin yazında qovulublar.

Finlandiyanın Mühafizə Polisi hesab edir ki, Rusiya səfirliyinin diplomatlarının təqribən üçdə biri gizli casus ola bilər.

SVT jurnalistləri İsveçdə 21 casusun izinə düşüb, onlardan ən azı on üçü 2022-ci ilin aprelinə qədər Stokholmda qalıb.

Norveçin NRK telekanalı qeyd edir ki, ümumilikdə, istintaq çərçivəsində Şimali Avropa ölkələrindəki diplomatik missiyalarla əlaqəsi olan 38 Rusiya kəşfiyyatçısı müəyyən edilib.

Həmçinin xatırladaq ki, Norveç bu yaxınlarda Rusiya səfirliyinin de-fakto casusluq fəaliyyəti ilə məşğul olan 15 əməkdaşını arzuolunmaz şəxs elan edib.



Xəbər xətti