Xerson vilayətində snayperlərin pusqusuna düşən ukraynalı jurnalist Boqdan Bitik həlak olub, La Repubblica-nın müxbiri Korrado Zunino isə yaralanıb.
Sitat.info xəbər verir ki, "BBC Türkiyə"-nin xəbərinə görə, İtaliyanın “La Repubblica” qəzetində çalışan ukraynalı jurnalist Boqdan Bitik Xerson vilayətində snayperlər tərəfindən güllələnib.
Dnepr çayı üzərindəki Antonivski körpüsü yaxınlığında baş verən hücumda "La Repubblica"nın müxbiri Korrado Zunino da yaralanıb. Xersonda xəstəxanaya yerləşdirilən Zuninonun müalicəsi davam edir.
“Hər ikisi üzərində “Mətbuat” yazılmış gülləkeçirməz jiletlər olub”, – qəzet açıqlamasında bildirib. Ərazidə snayperlər aktiv olduğundan Bitikin cəsədini çıxarmaq mümkün olmayıb.
İtaliya mətbuatına açıqlama verən Ukraynanın xarici işlər naziri Dmitri Kuleba Bitikin ölümündə rusların məsuliyyət daşıdığını bildirib.
Rusiya hadisə ilə bağlı hələlik heç bir açıqlama verməyib.
Qeyd edək ki, Parisdə yerləşən Sərhədsiz Reportyorlar təşkilatı son hadisədən əvvəl Rusiyanın 24 fevral 2022-ci ildə işğala başladığı Ukraynada 8 jurnalistin öldürüldüyünü, 19 jurnalistin yaralandığını açıqlayıb.
Seymur Bənnayev
Sitat.info