Avropa İttifaqı (Aİ) Rusiyanın səhər saatlarında Ukraynanın bəzi şəhərlərinə təşkil etdiyi hava hücumlarında mülki şəxslərin hədəf alındığını, mülki şəxslərə qarşı hücumların müharibə cinayəti təşkil etdiyini və məsuliyyət daşıyanların məsuliyyətə cəlb ediləcəyini açıqlayıb.
Sitat.info xəbər verir ki, Aİ Komissiyasının xarici əlaqələr üzrə sözçüsü Peter Stano mətbuat konfransında bildirib ki, hücumlar zamanı aralarında uşaqların da olduğu mülki vətəndaşlar ölüb və ya yaralanıb.
Müharibə başlayandan bəri Rusiyanın, xüsusilə Ukraynanın cəbhəyə yaxın şəhər və qəsəbələrində mülki əhalini və mülki infrastrukturu hədəf aldığını bildirən Stano, qəlpə parçalarının məktəblərdəki uşaqlar kimi bir çox mülki vətəndaşın həyatına son qoyduğunu bildirib.
Stano: "Rusiyanın mülki əhaliyə və mülki infrastruktura hücumları müharibə cinayətlərini təşkil edir. Hücumun əmrini verənlər, hücumları təşkil edənlər və onların tərəfdaşları cəzasız qalmayacaqlar. Onların hamısı cavab verəcək", - deyə qeyd edib.
Qeyd edək ki, Rusiya ordusu səhər saatlarında Ukraynanın paytaxtı Kiyev də daxil olmaqla Dnepr, Uman və Ukrainka şəhərlərinə raket və pilotsuz uçuş aparatları ilə intensiv hücumlar həyata keçirib. Umanda mənzillərə raketlərin düşdüyü və hücumlarda aralarında uşaqların da olduğu 10 nəfərin həyatını itirdiyi açıqlanıb.
Seymur Bənnayev
Sitat.info