Xəbər verdiyimiz kimi, Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov və ABŞ dövlət katibi Entoni Blinken arasında Vaşinqtonda görüş keçirilir. Daha sonra Blinkenin iştirakı ilə Azərbaycan və Ermənistan XİN rəhbərlərinin görüşü keçiriləcək.
Qeyd edək ki, Blinken Ceyhun Bayramovdan əvvəl Ermənistan XİN rəhbəri Ararat Mirzoyanla görüşüb. Bəs görəsən, Azərbaycan ictimaiyyətində Vaşinqton görüşündən ciddi gözləntilər varmı? Bu ərəfədə Rusiyadan hansısa təxribatlar ola bilər? Qərb sülh müqaviləsində gerçəkdən maraqlıdırmı?
Sitat.info-ya açıqlamasında bu sualları cavablandıran Ağ Partiya sözçüsü, siyasi şərhçi Cavanşir Abbaslı bunun da ənənəvi görüşlərdən biri olacağını deyib: "Sadəcə azərbaycanlı nazir növbəti uğurunu qazanan qalib Azərbaycanın XİN rəhbəri kimi ora yollanıb. Bilirsiniz ki, ötən həftə rəsmi Bakı tarixi bir hadisəyə imza atdı, Laçın-Xankəndi yolunda nəzarət- buraxılış məntəqəsi yaratdı. Bu baxımdan bu görüşün indiki vaxta düşməsini təsadüfi saymıram. Görüşdə əsas müzakirə edilən məsələlərdən biri də sözsüz ki, bu olacaq".
Siyasi şərhçi görüşün Amerika üçün önəminə də toxundu: "Bilirsiniz ki, II Qarabağ savaşından sonra Amerika Qarabağ münaqişəsinin həlli prosesində, gedən danışıqlardan demək olar ki, kənarda qalmış, bütün rıçaqlar Rusiyanın əlində cəmləşmişdi. 10 noyabr üçtərəfli bəyanatında tərəflərlə yanaşı imzası yer alan həm də Putindir. Faktiki olaraq, bu proseslərdə ofsaytda qalan Birləşmiş Ştatlar Cənubi Qafqazı heç bir halda Rusiyaya güzəştə getmək fikrində deyil. Bu regionda isə nüfuz qazanmağın həm də yollarından biri Qarabağ münaqişəsinin həlli prosesində yaxından iştirak etməkdir ki, bu şansı Amerika Minsk qrupunun həmsədrlərindən biri olmasına baxmayaraq, böyük ölçüdə itirib. Amma heç nə tam bitməyib. Bunu ABŞ siyasi dəhlizlərində yaxşı bilirlər...Azərbaycan və Ermənistan XİN rəhbərlərinin bu görüşü həm də rəsmi Vaşinqtonun Cənubi Qafqaza dönmək, Qarabağ münaqişəsində yer almaq cəhdlərindən biri kimi də qiymətləndirilə bilər".
C.Abbaslı vurğulayıb ki, Rusiyadan bu məsələlərə ciddi reaksiya olmayacaq: "Rusiya təxribatlar törədə bilərmi - sualınıza gəlincə, deyim ki, bunu zənn etmirəm. Hazırda Azərbaycan və Rusiya arasında dövlətlərarası münasibətlərin normal olduğunu demək olar. Hətta münasibətlərin bu səviyyədə olmasına Ermənistan tərəfindən ara-sıra etirazların gəldiyinin də şahidi olmaqdayıq. Başqa tərəfdən Rusiya Ukraynada ölüm-dirim savaşı aparır. Yaxın günlərdə Ukrayna ordusunun genişmiqyaslı hərbi əməliyyatlara başlayacağı yönündə xəbərlər yayılmaqdadır. Belə bir şəraitdə Rusiya Azərbaycanla gərginlik yaşamaq istərmi? Təbii ki xeyr".
Sonda partiya sözçüsü Qərbin Qarabağ münaqişəsinin həllində maraqlı olmadığını da söylədi: "Azərbaycana qarşı 907-ci düzəlişin əsas müəlliflərindən birinin hazırkı Ağ Ev sahibi Co Bayden olduğunu qətiyyən unutmayaq. İndiyə qədər Minsk qrupunun 3 həmsədr ölkəsindən 2-i olan Amerika və Fransa münaqişənin həlli üçün nə etdilər? Əksinə zaman-zaman ermənipərəst mövqedən çıxış etdiklərini görmüşük. Bir sözlə unutmayaq ki, Qarabağ münaqişəsinin həllində son sözü Azərbaycan deyəcək, necə ki, Vətən müharibəsində ordumuz BMT-nin 4 qətnaməsini icra etdi, son olaraq da, günlər öncə Laçın-Xankəndi yolunda sərhəd buraxılış məntəqəsini qurmaqla Azərbaycan dövləti bir daha əsas söz sahibi olduğunu göstərdi. Ermənistan kimi biz Vaşinqton və Moskva paytaxtlarında nicat axtarmırıq. Nicatımız Azərbaycan Ordusudur, onun döyüş və vətənpərvərlik ruhudur. Bu isə hamımıza məlumdur, ən çox da bunu II Qarabağ savaşında düşmənlər görüblər, başlarına endirilən Dəmir Yumruqdan xəbərdardırlar".
Səid İsaoğlu,
Sitat.info