Bu görüşdə sülh sənədinin hazırlanmasına start verilsə... - Rizvan Hüseynovun ŞƏRHİ

18:48 1 May 2023

 "Danışıqlar nəticəsində sülh sənədinin hazırlanmasına start verilərsə,  bu Ermənistan üçün çox ciddi şansdır".

Bu sözləri siyasi şərhçi Rizvan Hüseynov Sitat.info-ya açıqlamasında bugünki Vaşinqton görüşünü dəyərləndirərkən deyib.

Onun sözlərinə görə, Ermənistan tərəfinin qeyri-konstruktiv davranışları sülhə imkan yaratmır: "Əfsuslar olsun ki, Azərbaycan tərəfindən səslənən sülh təklifləri hər zaman Ermənistan tərəfindən normal qiymətləndirilmir. Nəticədə Azərbaycan tərəfi hərbi-siyasi alətlərlə məsələləri həll edir. Dəfələrlə Azərbaycanın sülh masasında, danışıq masasında təklif etdiyi məsələləri, Ermənistanın qeyri-konstruktiv davranışları ilə nəticəsiz qoyub. Rəsmi Bakı da hər dəfə məsələni hərbi-siyasi yolla, güc vasitəsi ilə həll etməyə məcbur qalır".

R.Hüseynov bu görüşdə prezidentlərin görüşü üçün  zəmin yaranacağına ümidini  ifadə edib: "Ümid edirik ki, bu dəfə Vaşinqtonda həqiqətən də danışıqlar nəticəsində hansısa bir irəliləyiş olacaq. Yəni sülh formatından söhbət gedir. Ən əsas ölkə başçılarının görüşlərinə bir zəmin yaradılacaq. Nəticə etibarilə, biz ilin ikinci yarısında, yayda və ya  payızda sülh sənədinin hazırlanmasının bir ciddi mərhələsinin şahidi ola bilərik. Əks halda Azərbaycan ona lazım olan məsələləri güc vasitəsi ilə, hərbi-siyasi yollarla həll etməyə davam edəcək". 


Ayna Fərhad,

Sitat.info



Xəbər xətti