"Azərbaycan artıq Laçın sərhəd-keçid məntəqəsini istifadəyə verib. Bildiyimiz kimi orada DSX-nin əsgər və zabitləri üzərinə düşən vəzifələri yerinə yetirirlər. Orada hər bir hansı Rus əsgəri yoxdur, olmamalı idi və bundan sonra da ümid edirəm ki, olmayacaq. Çünki bura Azərbaycan-Ermənistan dövlət sərhəddidir".
Bu sözləri Sitat.info-ya açıqlamasında hərbi ekspert Üzeyir Cəfərov deyib.
Onun sözlərinə görə, sərhəd-keçid məntəqəsində ermənilərə qarşı da hər hansı qeyri-etik bir hərəkət yoxdur, düşünmürəm ki, elə bir situasiya olsun. Çünki ora nəzarət olunur. Hətta ora yerləşdirilən kameralar vasitəsi ilə Bakıdan nəzarət aparılır: "Rusiyanın bu məsələlərə xoş reaksiyasını gözləmək olmaz. Düşünürəm ki, Amerikada baş verəcək iki ölkənin XİN rəhbərlərinin görüşündən sonra Rusiya bu prosesi pozmaq üçün ya Azərbaycan-Ermənistan sərhədində, ya Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiri ərazidə hər hansı bir ciddi təxribat törədəcək".
Hərbi ekspert qeyd edib ki, Azərbaycan diqqətli olmalıdır. Biz Sərhəd-keçid məntəqəsi ilə kifayətlənməməliyik. Bu prosesin davamını gətirmək lazımdır. Ermənilərə çağırış etməliyik ki, onlar öz seçimlərini etsinlər. Bu prosesi uzatdıqca ruslar da ermənilər də vəziyyətdən istifadə etməyə çalışacaqlar. Biz də çalışmalıyıq ki, bu proses uzanmasın. Uzanacağı təqdirdə Rusiya, Fransa, gözə görünən və görünməyən qüvvələr dövrəyə girib boşluqdan istifadə edəcəklər.
"Kommunal xidmətlərin də ora tezliklə girəcəyindən əmin deyiləm, çünki orada silahlı ermənilər var və kommunal xidmətləri həyata keçirən mülki şəxslərin təhlükəsizliyi sual altındadır. Əgər bu iş ruslara həvalə olunarsa və kommunal xidmətlər ora girərsə bu prosesi pozmaq üçün onları qətl edə, fiziki və mənəvi təzyiq və s. göstərə bilərlər. Bu proses yaxın aylar üçün baş verə bilər və bu prosesə tədricən keçid etmək lazımdır. Biz indiki halda öz müraciətimizi etməliyik ki, o bölgəyə adiyyatı olmayan ermənilər həmin ərazilərdən çıxsınlar, adiyyatı olanlar isə orada qalıb Azərbaycan qanunları çərçivəsində fəaliyyət göstərsinlər", - Üzeyir Cəfərov deyib.
Seymur Bənnayev
Sitat.info