Bilirəm mənim yazmağım nəyisə dəyişdirməyəcək. Ancaq dövlət və millətin gələcəyi üçün hər kəs öz mövqeyini ortaya qoymalıdır. Dövlətin gələcəyi üçün doğru siyasət, yaxşı iqtisadiyyat kimi sağlam dini mühit də vacib şərtdir. İranla bağlı son proseslər bunu bir daha sübut etdi.
Keçək məsələyə... Məlum olduğu kimi, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi Məşədi Dadaş Məscidinə yeni imam təyin etdi. Yeni imamın Məşədi Dadaş Dini İcmasının qurucusu, mərhum ilahiyyatçı Hacı Şahin Həsənlinin tələbələrindən biri olacağı gözlənilsə də, kənar bir şəxs - ilahiyyatçı Əli Şərbətov təyin olundu.
Görünür bu təyinat dini icma ilə razılaşdırılmayıb və onlar da məscidi tərk etməli olub. Məgər bu təyinata imza atanlar məscidin, dini icmanın məktəbdən fərqini anlamırmı? Məktəbə direktor təyin edirmiş kimi, məscidə imam təyin etmək olarmı?
Bir az maraqlananlar, tanıyanlar bilir, Məşədi Dadaş Məscidi tam olaraq həmin icmadan ibarətdir. Yəni, digər məscidlərdən fərqlidir. Onu Hacı Şahin Həsənli və tərəfdarları qurub, illər ərzində zərrə-zərrə toplayıblar. Bu həmin insanların 25 illik zəhmətidir. O icma çıxandan sonra sözügedən məscidin Kubinkadakı digər evlərdən fərqli qalmır.
20 ildən artıq bu ölkənin dini cameəsinə tövhə verən, dövlətçi, milli, vətənpərvər insanların başında durduğu bir icma ilə belə davranmaq olmaz. Hacı Şahinin kifayət qədər tələbələri var. İki aydır ki, bu prosesi çox gözəl şəkildə aparırdılar. Öncəki təyinatlarda da aydın oldu ki, bir icmaya kənardan imam gətirilməsi, bütünlükdə icmanın dağıması və məscidin boş qalması ilə nəticələnir. Özəlliklə o icma öz dövlətinə xidmət edirsə... İranın dini cameəyə uzanan əllərini baltalayan, dini mərasimlərdə Azərbaycan bayrağı dalğalandıran, üzəri bayraqlı tabutları çiynində daşıyan bir şəxsiyyətin qurduğu xətti və onu qoruyan icmanı niyə dağıdasan ki?
Hacı Şahin Həsənlinin bu xalq üçün, dövlət üçün xidmətləri naminə, bu prosesi onun tərəfdarları ilə razılaşdırmaq zəhmətində bulunardınız kaşki.. Məşədi Dadaş Məscidi dini icması büyük bir kütləni yad təsirlərdən, zərərli vərdişlərdən, radikal cərəyanlardan və sairdən qoruyurdu... Yenisini qura bilməyəcəksinizsə, mövcud olanın qədrini niyə bilmirsiniz, hörmətli Dini Qurumlarla iş üzrə Dövlət Komitəsi... Dağılan hər icma minlərlə insanın istinad nöqtəsinin itməsi deməkdir. O kütlənin mənəvi boşluqda qalmasının faydası daha çoxdur, yoxsa zərəri?
Onsuz da ölkədə dini sahədə boşluq mövcuddur. Bəlkə elə düşünürsünüz ki, dini nə qədər görməzdən gəlsək, onun təsiri azalacaq. Yox, əsla elə deyil. Yaranan boşluqdan elə güclər istifadə edəcək ki, bu dövlət üçün o zaman din təhlükəyə çevriləcək. Ona görə də, normal fəaliyyət göstərən icmalara bir qədər də dəstək olmaq lazımdır ki, onlar burada vətənin keşiyində dura bilsinlər. Çünki bura da bir səngərdir, burada da mənəvi sərhədlərimiz var. O sərhədləri qoruyanlardan bir Hacı Şahin Həsənli idi...
Nərgiz Liftiyeva,
Sitat.info