"Rusiyanın Ukrayna müharibəsində hər hansı uğur əldə etməsi bütünlükdə NATO-nun, Amerikanın məğlubiyyəti demək olar. Ona görə də Amerika və NATO Rusiyanın Ukrayna üzərində hər hansı qələbə çalmasına icazə verməyəcək".
Bu sözləri Sitat.info-ya açıqlamasında ADP sədri Sərdar Cəlaloğlu deyib.
O, vurğulayıb ki, əslində Qərb Rusiyanı uzunmüddətli müharibə bataqlığına salıb: "Ukrayna da Viyetnam və Əfqanıstan kimi illərlə müharibə edəcək və bu müharibə nəticəsində Rusiya həm iqtisadi, həm hərbi, həm də siyasi cəhətdən çökəcək. Bu günkü Rusiyanın yerində xarici qüvvələrin əlində oyuncağa çevrilmiş və parçalanma təhlükəsi olan, iqtisadiyyatı bərbad vəziyyətdə olan Rusiya olacaq. Belə Rusiyanı istənilə tərəfə yönləndirmək Qərb üçün çox asan olacaq".
S.Cəlaloğlu qeyd etdi ki, digər tərəfdən Rusiyanın iddia etdiyi təsir dairəsi olan ərazilərdə artıq yeni dünya nizamında Qərbin, Avropanın, o cümlədən Çinin yeni maraqları var: "Ona görədə Rusiyanın bu ərazilərdən çıxarılması vacibdir. Təsadüfi deyil ki, Bayden bəyənat verdi ki, Amerika heç vaxt SSRİ respublikaları üzərində Rusiyanın hegomonluğu ilə barışmayacaq. Bu gün Ukraynada aparılan müharibədə bir məsələni bilmək lazımdır ki, keçmiş SSRİ respublikalarının hər biri uğrunda aparılan mübarizə eyni əhəmiyyəti daşıyır. Qazaxıstana və ya Özbəkistana Rusiya hər hansı hücumu edəcəksə, eynilə qarşısında çox böyük gücləri görəcək".
9 may məsələsinə gəldikdə isə partiya sədri bildirdi ki, müəyyən bir bəhanələr edəcəklər və ola bilsin ki, qeyd etməsilər: "Ola bilər ki, çox sönük bir şəkildə qeyd etsinlər və ya qeyd etməsinlər. Amma bu cür paradlarla Rusiya düşdüyü vəziyyətdən çıxa bilməyəcək. Putin öz reytinqini qaldırmaq üçün atacağı hər hansı bir addım Rusiya dövlətini xilas etməyəcək. Düşünürəm ki, Rusiya üçün ən yaxşı variant təcili öz sərhədlərinə qayıtmaq, Ukraynaya vurduğu zərəri ödəmək və beynəlxalq münasibətləri yoluna qoymaqdır".
Səid İsaoğlu,
Sitat.info