"Rusiya prezidenti Vladimir Putin sözçüsü Dmitri Peskov vasitəsilə Azərbaycana və Ermənistana xəbərdarlıq mesajı göndərib: “Qarabağla bağlı vəziyyətin həlli üçün Rusiya, Azərbaycan və Ermənistan liderlərinin imzaladıqları üçtərəfli bəyanatların alternativi yoxdur. Problemlərin həlli və gərginliyin azaldılması ancaq üçtərəfli sənədlər əsasında mümkündür”.
Putin bu mesajıyla demək istəyir ki, Bakı və İrəvan Vaşinqtonun və ya Brüsselin vasitəçiliyi ilə sülh sazişi imzalamamalıdır".
Bu sözləri Sitat.info-ya açıqlamasında politoloq Elxan Şahinoğlu deyib.
O vurğulayıb ki, Kreml açıq-aşkar ABŞ-ın vasitəçiliyi ilə Vaşinqtonda xarici işlər nazirlərinin üçtərəfli görüşündən və müzakirələrindən narahatdır: "Ancaq Kreml məsələləri qarışdırır. Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 2020-ci ilin 10 nybaırnda imzaladıqları üçtərəfli bəyanat Qarabağla bağlı məsələləri tənzimləyir. Vaşinqtonun hazırki vasitəçiliyinin isə Qarabağa dəxli yoxdur, əsas məqsəd Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanmasıdır".
Politoloqun fikrincə, Rusiya bu prosesə ona görə mane olmaq istəyir ki, sülh sazişi Vaşinqtonun vasitəçiliyi ilə imzalanarsa, Rusiyanın Cənubi Qafqaza təsir imkanlara daha da azalacaq.
Nərgiz,
Sitat.info