Bakıda məşhur şirkət ermənilərə məlumat ötürə bilər - SENSASİON ÇIXIŞ

12:19 8 May 2023

"Azərbaycanda müxtəlif qurumlar var ki, onlar insanların açıq şəkildə istismarı ilə məşğuldurlar".

Sitat.info xəbər verir ki, bu sözləri "SİTAT TV"nin qonağı, Qarabağ Azadlıq Təşkilatının (QAT) sədri Akif Nağı deyib. 

Onun sözlərinə görə, insanların istismarı ilə məşğul olan şirkətlərdən biri də "Yandex"dir: "Xüsusən bu şirkətin taksi xidməti ilə bağlı bizə çoxlu sayda şikayətlər daxil olur. Orada çalışıb işləyənlər özlərini quldarlıq dövrünün quldarı kimi hiss edirlər. İnsanları 16-18 saat işlədirlər. Müqabilində verdikləri məvacib isə həddindən artıq cüzi bir rəqəmdir. Sosial Müdafiə Nazirliyi, Hüquq müdafiəçiləri, niyə bu məsələ ilə məşğul olmurlar? İnsanları bu şəkildə istismar etmək olmaz. Şirkətlər başa düşürlər ki, insanlar bu işlərə məcbur çörəkpulu qazanmaq üçün gedirlər. İşçilərin istirahəti, şənbə-bazarı, gecə-gündüzü yoxdur. Bütün gün çalışıb şirkətin təyin etdiyi normanı tamamlayıb çörəkpulunu çıxartmalıdır. Aidiyyatı orqanlar bu məsələlərə niyə baxmır?".

Akif Nağı qeyd edib ki, bu kimi şirkətlərin rəhbər vəzifələrində ermənilər durur: "Vaxtı ilə bildirilmişdi ki, "Yandex" Azərbaycana gəlir, biz onda QAT olaraq araşdırıb gördük ki, bu şirkətin rəhbərliyi ermənilərdir. Həmin vaxt məsələni ictimailəşdirib dövlətə müraciət etdik, müəyyən aksiyalar keçirtdik. O dövrdə sanki həmin proses dayandı. Lakin sonradan "Uber" kimi müxtəlif adlarla yenidən ortaya çıxdılar". 

"Burada təhlükə odur ki, onlar insanlara qarşı düşməncəsinə yanaşırlar, erməni siyasəti yeridirlər. Eyni zamanda məsələnin digər mahiyyəti ondan ibarətdir ki, Azərbaycanın daxilindəki bütün məxfi informasiyalar ermənilərin rəhbərlik etdikləri şirkətlərin əlindədir. Bakının, ümumiyyətlə Azərbaycanın xəritəsi onların əllərindədir. Bu xəritədə bütün strateji obyektlərin ünvanı var. Belə informasiyaları bu şirkətlərə niyə etibar etməliyik? Milli Təhlükəsizlik Xidmətində, digər nazirliklərdə, təşkilatlarda bunu düşünən var? Rəhbərliyində ermənilərin olduğu qurumların Azərbaycanda fəaliyyət göstərməsi açıq-aydın kəşfiyyat xarakterli məlumatların Ermənistana ötürülməsinə xidmət edə bilər, eyni zamanda onlar bu vasitə ilə burada cəsus şəbəkəsi yarada bilərlər. 

Hesab edirəm ki, bu, Azərbaycan cəmiyyətini kifayət qədər narahat edən bir məsələdir. Birincisi onların iş rejimi - istismar metodları ilə bağlı, ikincisi isə ölkəmizin milli təhlükəsizliyinə təhdid baxımından narahat edir", - QAT sədri bildirib. 

Seymur Bənnayev

Sitat.info



Xəbər xətti