Koreya Xalq Demokratik Respublikasının (KXDR) martın 16-da naməlum növ raket buraxılışı uğursuz olub.
SİTAT.İNFO Azərtac-a istinadən xəbər verir ki, bu barədə Yonhap agentliyi Cənubi Koreyanın Qərargah Rəisləri Komitəsinə istinadla məlumat yayıb. Bildirilir ki, ehtimala əsasən, paytaxt Pxenyana aid Sunan ərazisindən yerli vaxtla səhər saat 9:30-da (Bakı vaxtı ilə 4:30) raket buraxılıb. Amma raketin uçuşu baş tutmayıb. Qərargah Rəisləri Komitəsi ABŞ-dan olan həmkarları ilə raket buraxılışı barədə informasiyaların toplanmasının və təhlilinin davam etdiyini açıqlayıb.
Şimali Koreyanın qitələrarası ballistik raket sisteminin testini keçirdə biləcəyi ehtimalı geniş yayılıb. Cənubi Koreya və ABŞ Pxenyanı fevralı 27-də və martın 5-də yeni qitələrarası ballistik raket sisteminin sınağına dair ittiham etmişdi. KXDR isə sınaqların kəşfiyyat peyki tədqiqatları ilə bağlı olduğunu bəyan edib.
Qeyd edək ki, bu, Şimali Koreyanın cari ildə 10-cu raket sınağıdır. Rəsmi Pxenyan həmin sınaqlar zamanı idarəolunan taktiki raketlər, ballistik və hipersəsli raket də buraxdığını açıqlayıb.