NATO Asiyaya doğru da genişlənir: Rusiya və Çinə qarşı...

11:52 10 May 2023

"İkinci Dünya müharibəsindən sonra iki blok formalaşmışdı, Qərb ölkələri və Türkiyə NATO-da toplandılar, SSRİ və onun təsiri altındakı Şərqi Avropa dövlətləri Varşava Müqaviləsi Təşkilatını yaratdılar. SSRİ-nin dağılmasıyla Varşava Müqaviləsi Təşkilatı dağıldı və bu təşkilatın keçmiş üzvlərinin əkəsiryyəti NATO-ya üzv qəbul edildilər.

Rusiya rəsmiləri 1991-2000-ci illər arasında NATO-a ehtiyac olmadığını səsləndirirdilər. Kremlin məntiqi sadə idi: “SSRİ yoxdursa və “soyuq müharibə” bitibsə NATO-ya da ehtiyac olmamalıdır”. NATO ölkələri fərqli düşünürdülər. Rusiyanın 2008-ci ildə Gürcüstana, 2014-cü və 2022-ci ildə Ukraynaya hərbi müdaxilələri NATO-nun davamlılığının vacibliyini bir daha təsdiq etdi. Uzun onilliklər neytral siyasətə üstünlük verən Finlyandiya və İsveç belə Şimali Atlantika Blokuna üzvlüyə qərar verdilər".

Bu sözləri Sitat.info-ya açıqlamasında politoloq, Atlas Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu deyib. 

E.Şahinoğlu bildirib ki, beləliklə, NATO Avropanın tamamında möhkəmlənib, növbəti hədəf Ukraynanın təşkilata üzvlüyünü təmin etməkdir: "Bu çətin olacaq, çünki Rusiyanın Ukraynaya qarşı işğalçı müharibəsi davam edir. Müharibə bitməyənə qədər Ukraynanın Şimali Atlantika Blokuna üzvlüyü problematikdir. Ancaq müharibə bitdikdən sonra Ukraynanın NATO-ya üzvlüyü aktuallaşacaq və bu məsələ müsbət həll ediləcək".

Politoloq hesab edir ki, NATO-nun təhlükəsizlik maraqları Avropanın hüdudlarını aşıb: "Suriya və Liviyadakı müharibələr göstərdi ki, NATO ölkələri Avrasiya bölgəsindəki təhlükəsizlik məsələlərinə də diqqət ayırmaq məcburiyyətindədirlər. NATO Əfqanıstandakı əməliyyatda da iştirak edirdi. NATO-nun fəaliyyət dairəsini genişləndirməsi Rusiya və Çini narahat edir.

NATO uzaq Yaponiyada ofis açmaq qərarını verib. Çin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mao Nin bununla bağlı açıqlama verərək NATO-nun Yaponiyada ofis açmaq niyyətinin və şərqə doğru irəliləməsinin regionda sabitliyi pozacağını deyib. “NATO-nun Asiya-Sakit Okean regionunda daim şərqə doğru genişlənməsi, regional işlərə müdaxilə, regional sülh və sabitliyi pozmaq cəhdləri, blokların qarşıdurması istəyi region ölkələrindən sayıqlığın artırılmasını tələb edir”, - deyə o, brifinq zamanı bildirib. Onun sözlərinə görə, Asiya “geosiyasi döyüşlərə səhnə olmamalıdır”. NATO Cənubi Koreya, Avstraliya və Yeni Zelandiya kimi təhlükəsizlik tərəfdaşları ilə danışıqları asanlaşdırmaq üçün Yaponiyada ilk əlaqə ofisini açmağı planlaşdırıb. Yaponiyada NATO ofisinin açılması Çin və Rusiyanın bölgədə artan hərbi gücüylə əlaqəlidir. Rusiya və Çin həm quruda, həm də okean və dənizlərdə birgə hərbi təlimlərin sayını artıbılar. Bu fəallığa NATO seyrçi qalmaq istəmir".

Nərgiz,

Sitat.info



Xəbər xətti