Muharrem İncə topladığı səsləri hansı namizədə verəcək? İsti şərh

15:40 11 May 2023

"Muharrem İncənin prezidentliyə namizədlikdən geri çəkilməsi prezident seçkisində yeni durum yarada bilər. İncə 2018-ci ildə Rəcəb Təyyub Ərdoğanla uğurlu mübarizə aparmış və 31 faiz səs toplamışdı. İncə son aylardakı çıxışlarıyla ilk dəfə səs verəcək gənclərin diqqətini cəlb etmişdi".

Bu sözləri Sitat.info-ya açıqlamasında politoloq Elxan Şahinoğlu deyib. 

O vurğulayıb ki, müxtəlif sorğulara görə, İncənin ikinci tura keçidi mümkün olmasa da, o seçkidə 3 ilə 7 faiz arasında səs toplaya bilərdi: "İndi əsas sual budur: Namizədlikdən geri çəkilən İncənin səsləri hansı namizədə gedəcək? Onun özü çıxışında tərəfdarlarına kimə səs verməsi çağırışını etmədi, konkret ünvan göstərmədi".

E.Şahinoğlu qeyd edib ki, İncə seçki kampaniyasında həm hazırki Cumhurbaşqanı Rəcəb Təyyub Ərdoğanı, həm də ana müxalifət lideri Kamal Kılıçdaroğlunu tənqid edirdi, bəlkə də müxalifətə daha çox yüklənirdi: " Fikrimcə, İncənin səsləri Rəcəb Təyyub Ərdoğanla Kamal Kılıçdaroğlunun arasında bölünəcək".

Politoloq onu da əlavə edib ki, Kamal Kılıçdaroğlunun prezidentliyə namizədlikdən geri çəkilən Muharrem İncənin səslərinə ehtiyacı var: "Kılıçdaroğlu bu məqsədlə İncə ilə görüşməyə çalışacaq. Muharrem İncə 2018-ci il prezident seçkisindən sonra üzvü olduğu Cumhuriyyət Xalq Partiyasına küskün oldu, ona dəstək verilmədiyindən şikayətçi idi. İncə CXP-dən ayrılaraq Məmləkət Partiyasını qurdu. İncə son illərdə CXP-ni və keçmiş liderini tənqid edirdi. Ancaq bunlar indi geridə qalıb və mərhum dövlət başçısı Süleyman Dəmirəlin sözü olmasın “siyasətdə 24 saat böyük müddətdir”. Yəni siyasətçi dünən dediyinin əksinə olaraq bu gün mövqeyində dəyişiklik etmək və bunu izahını vermək bacarığına malik olmalıdır. Ona görə də Kamal Kılıçdaroğlu gələcək kabinetində İncəyə nəsə vəd etsə, anlaşa da bilərlər".

Nərgiz,

Sitat.info



Xəbər xətti