Türkiyə seçkilərinin bir neçə qalibi var: Birincisi, şəksiz qalib Erdoğandır – parlamenti çox böyük üstünlüklə uddu, ilk turu 5% civarında öndə bitirdi, ikinci turda çox böyük üstünlüklə qalib olacaq (təqribən 55-56% civarında). İkincisi, MHP də ciddi uğur qazandı, heç kim belə səs qazanacağını təxmin etməmişdi Üçüncüsü, Sinan Oğan da qalibdir, Türkiyədə 5,26%, təqribən 2,8 mln. seçici səsi qazanmaq böyük uğurdur. Oğanı İYİ partidən “sol” namizədə səs vermək istəməyən, MHP-dən Erdoğana səs vermək istəməyənlər dəstəklədi, yəni, Oğanın səsi özünün deyil millətçi-sekulyar kəsimindir, o səslərdən ikinci turda Kılıcdaroğluna çox az səs gedəcək. Dördüncüsü, DEVA partiyası da qazandı – Kılıcdaroğlunun zəifliyini, siyasətbilməzliyini görüb çox ağıllı ittifaq qurdu, şərtlərini diktə edə bildi və parlamentə 14-15 deputat keçirə bildi".
Bu sözləri Sitat.info-ya açıqlamasında iqtisadçı ekspert Natiq Cəfərli deyib.
O bildirib ki, seçkinin tək məğlubu var – Kılıçdaroğludur: "O, İttifaqlarını doğru qura bilmədi, mesajlarını normal çatdıra bilmədi, CHP-nin deputat sayını səhv hesablamalarla azaltdı. Amma CHP partiya olaraq vacib partiyadır, Türkiyədə 25% “sol-liberal” seçmənin olması qardaş ölkə üçün siyasi “vaksindir”, ölkəni sözün pis mənasında (inanclı insanlara can qurban, söhbət dinin siyasətə alət edilməsindən gedir) dini idarəetməyə yuvarlanmaqdan, bir də radikal etnik millətçilikdən qoruyur (millətçilərə də can qurban, söhbət “kafa tası” millətçilikdən gedir)".
N.Cəfərli vurğulayıb ki, seçkilərin Azərbaycanda da qalibləri var: "Millətimiz, cəmiyyətimiz seçki institutunun nə qədər vacib, önəmli olduğunu, qardaş ölkə vətəndaşlarının, seçicilərin nə böyük həvəslə, sevgi və maraqla seçkidə iştirak etdiyini gördülər. Əminəm ki, bu mənzərənin Azərbaycanda seçki institutuna inamın və önəminin artmasında ciddi rol oynayacaq. Bizim taleyimiz öz əlimizdədir, ölkədə sivil dəyişikliklərin yolu seçkidən keçir - kim əksini iddia edirsə, deməli bu sistemin qalmasında pay, maraq sahibidir!".
Məğrur,
Sitat.info