Seçkilər istənilən dövlət üçün demokratiya yolunda imtahan sayılır. Bu, demokratiya sahəsində əsrlərlə ənənəsi olan Qərb, bu dəyərlər sisteminə yeni qoşulan ölkələr, hətta yüz yaşlı Türkiyə üçün də belədir.
Sitat.info xəbər verir ki, Türkiyə Cümhuriyyəti yaradılmasının 100-cü illiyində demokratiyaya sadiqliklə bağlı daha bir sınaqdan keçdi.
Mayın 14-də Türkiyədə prezident və parlament seçkiləri keçirilib. Yekun nəticələrə əsasən, “Cümhur İttifaqı”nın namizədi, hakim Ədalət və İnkişaf Partiyasının sədri, hazırkı dövlət başçısı Rəcəb Tayyib Ərdoğan 49,51% səs toplayıb.
“Millət İttifaqı”nın namizədi, müxalif Cümhuriyyət Xalq Partiyasının sədri Kamal Kılıçdaroğlu 44,85%, “ATA İttifaqı”nın namizədi Sinan Oğan 5,17% səs qazanıb.
Seçkidən əvvəl namizədliyini geri götürən Məmləkət Partiyasının sədri Məhərrəm İncəyə isə seçicilərin 0,44%-i səs verib.
Bununla da prezidentliyə namizədlərdən heç biri ilk turda lazım olan 50+1 səsi toplaya və qalib gələ bilməyib. Ona görə də mayın 28-də ikinci tur olacaq. Bu mərhələdə R.T.Ərdoğan və K.Kılıçdaroğlu yarışacaq.
Parlament seçkilərində isə AK Parti qalib gəlib. Hakim partiya Türkiyə Böyük Millət Məclisindəki 600 deputat yerindən 266-nı qazanıb.
İkinci yeri tutan müxalif Cümhuriyyət Xalq Partiyası 28-ci çağırış qanunverici orqanda 168 millət vəkili ilə təmsil olunacaq.
Yaşıl Sol Partiyası 62, Milliyyətçi Hərəkat Partiyası (MHP) 51, İYİ Parti 44, Yenidən Rifah Partiyası 5, Türkiyə İşçi Partiyası (TİP) 4 deputat yeri əldə edib.
Bu seçkilər Türkiyənin demokratiyaya sadiqliyinin və bu yolla inkişaf etdiyinin göstəricisidir. Bir çoxları, daha doğrusu Türkiyəni sevməyənlər seçkilərdən əvvəl R.T.Ərdoğanın “diktator” olduğunu iddia edərək, prosesin onun xeyrinə saxtalaşdırılacağını deyirdilər. Ancaq mövcud iqtidar bu siyasi kampaniyaların azad, ədalətli və şəffaf keçirilməsini təmin etməklə Türkiyəni anti-demokratiklikdə qınamaq istəyənlərin arzusunu gözündə qoydu.
Türkiyə regionda və dünyada baş verən çox mürəkkəb hadisələr fonunda demokratik seçkilər keçirməklə bu dəyərlər sisteminə, Mustafa Kamal Paşa Atatürkün “Respublika rejimi dedikdə demokratik sistemə malik dövlət forması nəzərdə tutulur” deyiminə sadiqliyini bir daha ortaya qoydu.
Seçicilərin milli iradəsini sərbəst şəkildə ifadə etməsi beynəlxalq müstəvidə bəzi anti-Türkiyə dairələrin pis niyyətini puça çıxardı.
14 may seçkilərinin yekunları 21 ildir hakimiyyətdə olmasına baxmayaraq, xalqın böyük əksəriyyətinin Ərdoğana etimad göstərdiyini təsdiqlədi. Bəziləri bu seçkilərdə onun erasının “bitəcəyini” düşünürdü. Ancaq seçkilər sübut etdi ki, o, hələ də Türkiyə dövləti üçün lider olmağa qadirdir. Birinci turda qalib gəlməsə də, Türkiyə seçiciləri növbəti dəfə R.T.Ərdoğana dəstək verdi. Onun ikinci turda parlaq qələbə qazanacağı gözlənilir.
Artıq dövlət və hökumət başçıları Ərdoğanı liderlik etdiyi “Cümhur İttifaqı”nın seçkidəki qələbəsi və uğurlu kampaniya ilə bağlı təbrik etməyə başlayıblar.
Dünyanın siyasi liderləri arasında ilk olaraq Azərbaycan Prezidenti İlham Əliyev türkiyəli həmkarına zəng edib, “Cümhur İttifaqı”nın ən çox səs toplaması münasibətilə təbriklərini çatdırıb. Bakıdan Ankaraya gedən zəng iki xalqın sarsılmaz və səmimi qardaşlıq münasibətlərinin təzahürüdür.
Bu seçkilər Türkiyənin siyasi səhnəsində və dövlət idarəçiliyində yeniliklə də yadda qalacaq. Yeni parlamentdə ondan çox partiyanın yer alması Türkiyə siyasi səhnəsinin palitrasıdır. Bu bir daha onu göstərir ki, Türkiyə Cümhuriyyəti siyasi azadlıqları təmin etməyə qadir mükəmməl demokratik dövlətdir. Bu həm də ölkənin taleyüklü problemlərinin parlament səviyyəsində müzakirə edilməsinə imkan verir.
Kabinetin 16 üzvünün millət vəkili seçilməsi Ərdoğan hökumətinin tam tərkibdə dəyişməsinə də şərait yaradır. Bu isə dövlətin idarə edilməsində yeni qüvvələrin potensialından istifadə deməkdir. Bu həm də dövlətçilik üçün yeni kadrların formalaşmasıdır.
Türkiyə bu seçki ilə dünyanın bir çox dövləti üçün örnək olduğunu isbatladı. Cümhuriyyət yenidən demokratiyanın daha etibarlı idarəetmə üsulu olduğunu çoxlarına əyani şəkildə öyrətdi. Bir daha sübut olundu ki, demokratik yol bütün dövlətlərin problemlərinin başlıca həlli yoludur.
Türkiyədə prezident seçkilərinin ikinci turu mayın 28-də - Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 105-ci ildönümündə keçiriləcək.
100 yaşlı Türkiyə Cümhuriyyətinə həmin günün uğurlu olacağına, “Türkiyənin yüz ili üçün doğru zaman doğru adam” və “Doğru addımlarla yola davam” edəcəyinə ümid edirik. Bütün hallarda qalib gələn Türkiyə və demokratiya olacaq. Bununla da 100 yaşlı Cümhuriyyət yenə dostlarını sevindirəcək, düşmənlərini məyus edəcək. Azad, ədalətli olmaq sənə yaraşır, Türkiyə!/ Report