Elxan Şahinoğlu: "Əsirlərimizi geri qaytarmaq üçün əlimizdə olan bütün imkanlardan istifadə edəcəyik"

16:07 16 May 2023

"Brüssel görüşündə əsirlərin dəyişdirilməsi ilə bağlı razılaşma iki tərəf üçün də faydalıdır". 

Bu sözləri Sitat.info-ya açıqlamasında politoloq Elxan Şahinoğlu deyib. 

Onun sözlərinə görə, biz elə etməliyik ki, ermənilərin əlində bir nəfər belə hərbi əsirimiz olmasın: "Əsirlikdə olan iki nəfər var. Onlar orada işgəncələrə də məruz qalıblar. Onların geri qaytarılması üçün çalışmalıyıq. 

Ermənistan bəhanə edir ki, guya hərbçimiz orada Ermənistan vətəndaşını qətlə yetirib. Bu mənə vaxtilə Qarabağda ermənilərin iki vətəndaşımızı tutduqda guya onların da erməni vətəndaşını öldürməsi bəhanəsini xatırladır. Müharibədən sonra həmin iki nəfər vətəndaşımızı da geri qaytardılar. İndiki əsirləri də geri qaytaracaqlar. Biz də yəqin ki, əsirlərimizi geri qaytarmaq üçün əlimizdə olan bütün imkanlardan istifadə edəcəyik".

"Brüssel görüşündə bir başqa məsələ də qaldırılıb ki, o da böyük ehtimalla Azərbaycan prezidentinin təklifi nəticəsində qəbul olunub  Belə ki, itkin düşənlərin taleyi ilə bağlı da müzakirələr aparılıb. İtkin düşənlər bizim üçün olduqca vacibdir. Çünki birinci Qarabağ müharibəsindən minlərlə itkinimiz var və onların taleyi ilə bağlı məlumat yoxdur. 

Mina məsələsinə gəlincə isə, minalar Ermənistan ərazisində yox, Azərbaycan ərazisində basdırılıb. Bu da bizim üçün çox böyük problemdir və buna da xüsusi diqqət ayırmalıyıq", - Politoloq qeyd edib.

Seymur Bənnayev

Sitat.info



Xəbər xətti