Naxçıvanın statusunun ləğvi gecikir: Konstitusiya islahatları keçirilməlidir...

16:12 16 May 2023

Hazırda altıncı çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin onuncu sessiyası keçirilir. Qeyd edək ki, sessiyada Qıvraq seçki dairəsindən deputat Anar Adil oğlu İbrahimov yekdilliklə Ali Məclis sədrinin müavini seçilib. 

 Bu məsələ Naxçıvan Ali Məclisinin sədri Vasif Talıbovun vəzifədən çıxarılmasından sonra Naxçıvanın Muxtar Respublika statusunun ləğvini bir daha gündəmə gətirir. Bəs bu məsələ niyə gecikir? Niyə hələ də Naxçıvanda əksər dövlət strukturları qalmaqdadır. Bəs bu məsələ nə zaman həllini tapacaq?

Sitat.info-nun sualını cavablandıran iqtisadçı ekspert Natiq Cəfərli vurğuladı ki, Naxçıvanın statusu ilə bağlı məsələ ancaq referendumla həll oluna bilər: "Başqa yolu yoxdur. Bunun nə prezident fərmanı , nə də parlament qərarı ilə olması mümkün deyil. Ona görə də  referendum olmadan Naxçıvanın muxtar respublika statusu ilə bağlı hər hansı qərar veriləcəyinin hüquqi mexanizmi yoxdur. Ona görə də, biz proseslər başlayanda təklif etmişdik ki, refenrendumla, Konstitusiya dəyişiklikləri ilə bağlı bir komissiya təşkil olunsun və bu presedent aradan qalxsın".

N.Cəfərli vurğuladı ki, Konstitusiya islahatlarına bir çox məsələlər daxil edilməlidir: "Buraya yerli özünüidarə institutu, ölkənin inzibati ərazi bölgüsünün yeni reallıqlara uyğunlaşdırılması, həm də Naxçıvanın müxtar respublika statusunun ləğvi. Bu bir presedentin ləğvidir, unitar dövlət olan Azərbaycanda Naxçıvanın muxtar respublika statusunun ləğvi Xankəndinə də bir mesaj olacaq. Çünki bəzi danışıqlarda onlar belə bir presedentin olduğunu göstərərək heç olmasa buna bənzər bir statusun olmasını istəyirlər. Ona görə də. bu məsələ ancaq Konstitusiya dəyişiklikləri yolu ilə, referendum yolu ilə həll oluna bilər". 

Nərgiz,

Sitat.info



Xəbər xətti