Sudanda şiddətli döyüşlər davam edir

17:54 16 May 2023

Sudanda paytaxt və ətraf şəhərlərdə ordu ilə Çevik Dəstək Qüvvələri (ÇDQ) arasında şiddətli toqquşmalar davam edir.

Sitat.info xəbər verir ki, Sudanda iki hərbi qüvvə arasında toqquşmalar 32 gündür ki, davam edir.

Ordu səhər saatlarında paytaxt Xartum və qonşu Bəhri və Umdurmandakı ÇDQ məntəqələrini reaktivlərlə vurub.

Havadan bombardmanlardan sonra sözügedən şəhərlərdə şiddətli toqquşmalar baş verib.

Xartumun cənub və şərqindəki bəzi məhəllələrdə atəş səsləri eşidilib.

Qeyd edək ki, aprelin 15-də səhər saatlarında Sudanın paytaxtı Xartum və digər şəhərlərdə Sudan ordusu ilə ÇDQ arasında silahlı toqquşmalar baş verib.

Sudan Həkimlər Komitəsi paytaxt Xartum, Əl-Ubeyd və Qərbi Darfur əyalətinin Əl-Cüneynə şəhərində indiyədək 822 mülki vətəndaşın həyatını itirdiyini, 3215 nəfərin isə yaralandığını açıqlayıb.

Sudanda ordu ilə paramiliter ÇDQ arasında davam edən qarşıdurmaları dayandırmaq üçün tərəflər arasında Səudiyyə Ərəbistanının Ciddə şəhərində aparılan danışıqlar nəticəsində mayın 11-də “Ciddə bəyannaməsi” imzalanıb.

Birləşmiş Millətlər Təşkilatının (BMT) məlumatına görə, aprelin 15-dən bu yana 736 min 200 insan ölkə daxilində didərgin düşüb, 200 minə yaxın insan isə qonşu ölkələrə sığınıb.

Evlərini tərk edənlərin 450 mini uşaq olduğu halda, qonşu ölkələrdəki qeyri-sabitlikdən sonra Sudana sığınan on minlərlə insan öz ölkələrinə qayıdıb.

Seymur Bənnayev

Sitat.info



Xəbər xətti