İran Ticarətin İnkişafı Təşkilatının prezidenti Əli Rıza Peymanpak Rusiya bankının ilk dəfə ölkəsində nümayəndəlik açdığını açıqlayıb.
Sitat.info xəbər verir ki, İranın Sənaye, Mədən və Ticarət Nazirliyinə bağlı Ticarətin İnkişafı Təşkilatının rəhbəri Peymanpak özünün Twitter hesabındakı paylaşımında Rusiyanın ikinci ən böyük bankı olan VTB Bankın İranda nümayəndəlik açdığını açıqlayıb.
Peymanpak deyib: "Ticarətin İnkişafı Təşkilatının davamlı səyləri nəticəsində Rusiyanın ikinci ən böyük bankı olan VTB Bank İranda nümayəndəliyini açıb. Bu, İranda birbaşa iştirakı olan ilk Rusiya bankıdır".
ABŞ başda olmaqla Qərb dövlətlərinin sanksiyaları altında olan İran və Rusiya ticarət və maliyyə əməkdaşlıqlarını artıraraq dolları bank əməliyyatlarından və ikitərəfli ticarətdən tədricən çıxarmağa çalışırlar.
Digər tərəfdən, Rusiya baş nazirinin müavini Aleksandr Novak bu gün nümayəndə heyəti ilə İrana səfər edir.
Novakın səfəri zamanı İran və Rusiya arasında bir sıra iqtisadi sazişlərlə yanaşı, Şimal-Cənub Dəhlizinin mühüm nəqliyyat şəbəkəsi kimi görünən Rəşt-Astara dəmir yolu sazişinin də imzalanması gözlənilir.
Seymur Bənnayev
Sitat.info