"Türkiyədə ilə bağlı məni narahat edən bir məqam hələ də qalmaqdadır. Azərbaycanda belə bir fikir var ki, Azərbaycan-Türkiyə qardaşlığı, strateji əməkdaşlığı Ərdoğana bağlıdır. Bu yalnış fikirdir. Düzdür Ərdoğana çox böyük minnət borcumuz var. Hətta mən onun xatirəsinin əbədiləşdirilməsinin tərəfdarıyam. Ərdoğanın haqqını yeməməliyik. Amma iki ölkənin strateji gələcəyi 10, 20, 30, 50 ilə hesablanıb. Biz daha strateji düşünməyi öyrənməliyik. Bizim göbəyimiz necə deyərlər, birgə kəsilib . Bu qarışıq, fraqmentallaşan, geosiyasətin kəskinləşdiyi, beynəlxalq hüququn qətl edildiyi dünyada Türkiyə ilə birgə addımlamalıyıq. Beynəlxalq hüquq olsaydı Ukraynanı o cür vəziyyətə salmazdılar".
Sitat.info xəbər verir ki, bu sözləri Sitat TV-nin efirində aparıcı Nərgiz Liftiyevanın təqdimatında yayımlanan "Canlı Polemika" verilişində iqtisadçı ekspert, Real Partiyasının icraçı katibi Natiq Cəfərli deyib.
O bildirib ki, bizim gələcəyimizin NATO üzvü olan qardaş Türkiyə ilə birgə qurulmasına ehtiyacımız var: " Allah Ərdoğana ömür versin , amma o da insandır, fani dünyadır. 5-10 ildən sonra onsuz da hamını gözləyən sonluq var, ona qovuşacaq. Ondan sonra nə olacaq? Mən düşünürəm ki, Azərbaycanın da, ictimaiyyətin də, cəmiyyətin də, dövlət institutlarının da, müxalifətin də bu seçkilərdən sonra əsas müzakirə mövzusu Türkiyə ilə institutsional əlaqələr yaradılması olmalıdır. Elə ittifaq qurmalıyıq ki, şəxslərdən asılı olmasın. Azərbaycanda da, ya Türkiyədə də hakimiyyət dəyişikliyi olarsa, bu iki ölkənin strateji müttəfiqliyinə heç bir təsir etməsin. Mən çox arzu edirəm ki, biz 28 may tarixindən sonra biz bu institutları yaradaq. Ərdoğan özü, ya komandası səhv etməzsə, onun qalibiyyəti 95% həll olunmuş məsələdir. OHətta 28 may tarixinin seçilməsi özü də bir simvolik haldır. Bizim Cümhuriyyət bayramımızdır".
Ekspert bildirdi ki, Türkiyənin də, Azərbaycanın da birgə institutların yaradılması ilə bağlı müəyyən təcrübəsi var: " Orta Asiya respublikalarına bizim təsirimiz daha çoxdur, nəinki Türkiyənin. Birgə institutlar, beyin mərkəzləri, dövlət-hökumət institutları yaradaraq birgə işləməyi öyrənməliyik. Bizim strateji müttəfiqliyimiz şəxslərə bağlı olmamalıdır. Mən əminəm ki, bundan sonra elə də olacaq".
Ayna Fərhad,
Sitat.info