"Sülhməramlıların separatçıları dəstəyi ilə bağlı Kremlə nota verilməlidir" - Ağ Partiya sözçüsü

17:08 18 May 2023

"Vətən müharibəmizdəki parlaq qələbəmizdən sonra rus sülhməramlıları təəssüflər olsun ki,  əsas problemlərimizdən birinə  çevrilib. İndiyə qədər üzərlərinə götürdükləri heç bir öhdəliyə əməl etməyən bu qüvvələrin, bu azmış kimi, zaman-zaman ermənilərə dəstək verdiklərini də görürük. Sizin dediyiniz də bu silsilədəndir. Amma nə edirsə, Rusiya özünə edir. Zatən onlardan bundan artığını də gözləmək təəssüflər olsun ki, sadəlövhlük olardı. Qətiyyən  narahat olmayaq. Çünki onlar bildiyiniz kimi, oraya müvəqqəti yerləşdirilib və vaxtları çatanda həmin ərazilərdən çıxarılacaqlar. Sadəcə ayaq yeri qoymurlar və bunun da bəlkə bizə yönəlik müsbət tərəfləri var. Azından vaxtları çatanda, yəni 2025-ci ilin noyabrında Rusiya sülhməramlılarının Qarabağda qalmamaları üçün Azərbaycan tərəfi tələbini irəli sürəndə səbəb kimi ortaya qoyduğu arqumentlər kifayət qədər bol olacaq".

Bu sözləri Sitat.info-ya açıqlamasında Ağ Partiya sözçüsü, siyasi şərhçi Cavanşir Abbaslı deyib. 

O bildirib ki, biz ekofəallarımızın aksiyası zamanı sülhməramlıların əsl xislətlərinin bir daha şahidi olmuşuq: "Humanitar yardım adı altında, yük maşınları ilə məhz bu sülhməramlıların nəzarəti ilə Xankəndinə istədiklərini keçirdilər, hətta Vardanyanın məlum mitinqinə maşınlarla ermənilərin daşındığı yönündə məlumatlar da yayıldı. Bir sözlə "Qozbeli qəbir düzəldər..". 

Siyasi şərhçi bu məsələnin mayın 19-da Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovla Ermənistan xarici işlər naziri Mirzoyan arasında Moskvada baş tutacaq görüşdə Rusiya xarici işlər naziri Sergey Lavrovun qarşısında qaldırıla biləcəyini də istisna etmir: "Bu məsələ ilə əlaqədar təbii ki, şimal qonşumuza nota verilməli, ölkəmizdəki rus səfiri XİN-ə çağırılmalı və etirazımız mütləq şəkildə çatdırılmalıdır. Əks halda həyasızlıqları daha da artacaq. Ceyhun Bayramov Moskvadakı üçtərəfli görüşdə mütləq şəkildə bu məsələnin üzərində dayanmalıdır və düşünürəm ki, dayanacaq da. Sadəcə bir qədər ehtiyatlı da davranmalıyıq. Çünki qarışmızdakı dayanan şimal ayısıdır, pəncələri çox böyük olan ayı... Amma bu da o demək deyil ki, susmalıyıq. Zatən susmuruq da. Ölkə başçısının çıxışlarında bir sıra ölkələrə verdiyi mesajlar hamımıza məlumdur...".

Məğrur,

Sitat.info



Xəbər xətti