Ukrayna prezidenti Volodimir Zelenskinin Yaponiyada keçirilən "G7 Liderlər Sammiti"ndə şəxsən iştirak edə biləcəyi bildirilib.
Sitat.info xəbər verir ki, rəsmi "Kyodo" agentliyinin Yaponiya hökumət mənbələrinə əsaslanaraq verdiyi xəbərdə, daha əvvəl sammitə videokonfrans vasitəsilə qatılacağı elan edilən Zelenskinin sammit üçün Xirosimaya gələ biləcəyi qeyd edilib.
Planlaşdırılan sammit proqramı çərçivəsində liderlərin Ukrayna böhranı ilə bağlı xüsusi sessiya keçirəcəyi gözlənilir.
Onun mümkün səfəri halında, bu, Zelenskinin Rusiyanın hücumlarının başladığı 2022-ci ilin fevralından sonra Asiya regionuna ilk səfəri olacaq.
Bildirilib ki, Zelenski liderlərlə görüşə və "G7" ölkələrinin Ukrayna ilə mövcud həmrəyliyini gücləndirməyi hədəfləyə bilər.
Qeyd edək ki, Yaponiyanın ev sahibliyi etdiyi, ABŞ, Fransa, İngiltərə, Almaniya, Kanada və İtaliya liderlərinin qatılacağı sammit mayın 21-də başa çatacaq.
Sammitə Avropa İttifaqı (Aİ), İndoneziya, Hindistan, Cənubi Koreya, Avstraliya, Braziliya, Vyetnam liderləri və beynəlxalq təşkilatların nümayəndələri də dəvət olunub.
"G7" qlobal siyasi və iqtisadi problemlərin həlli üçün mühüm beynəlxalq platformalardan biri hesab olunur.
Seymur Bənnayev
Sitat.info