"Sinan Oğanın öz tərəfdarlarına Kamal Kılıçdaroğluna səs verməyə çağırışı seçkinin nəticələrinə mütləq mənada təsir etməyə də bilər. Çünki bu 5 faizin hamısı onun səsləri deyil. Burada narazıların səsləri var, Muhərrəm İncənin səsləri var, millətçilərin səsləri var. İkinci turda bu səslər parçalana da bilər. Kamal Kılıçdaroğlu üçün vacib olan səs verməyən 8 milyon insanın bir hissəsini ikinci tura cəlb etməkdir. O zaman 2 milyonluq fərqi aradan qaldıra bilər. Yoxsa, Sinan Oğanın səslərinə ümid etməklə seçkidə qələbə çalmaq çətin olacaq".
Bu sözləri Sitat.info-ya açıqlamasında politoloq Elxan Şahinoğlu Sinan Oğanın Kamal Kılıçdaroğlunu dəstəkləyəcəyi ilə bağlı yayılan xəbərlərə münasibətdə ddeyib.
O vurğulayıb ki, digər tərəfdən Sinan Oğanın istəkləri də var, onun da tələblərini yerinə yetirmək lazımdır, vəzifə vermək lazımdır: "Ancaq bununla avtomatik olaraq S.Oğanın 5 faizi onun xanasına yazılmır. Səslər ikinci turda parçalanacaq, seçkiyə getməyənlər də olacaq. Kamal Kılıçdaroğluna səs verənlər olacaqsa, Ərdoğana da əlavə səslər verilə bilər. Əsas məsələ birinci turda seçkiyə getməyənləri, ikinci turda fəal olmağa səsləməkdir. Ancaq bunu təşkil etmək vaxt baxımından o qədər də asan olmayacaq".
Politoloq əlavə edib ki, böyük ehtimalla ikinci turda Sinan Oğanın səsləri Kamal Kılıçdaroğlu ilə Rəcəb Tayyib Ərdoğan arasında bölünəcək: "Ona görə Ərdoğan arxayın şəkildə “mən Sinan Oğanın şərtlərini qəbul etməyəcəm” fikrini söyləyib. Başqa sözlə Ərdoğanın Oğanın dəstəyinə ehtiyacı yoxdur".
Nərgiz,
Sitat.info