"Ötən gün Ermənistanın baş naziri Nikol Paşinyan tərəfindən bir sıra bəyanatlar səsləndirilib. O bəyanatlar nə separatçıların, nə də Rusiyanın maraqları ilə üst-üstə düşmür. Bu maraqlar üst-üstə düşmədiyinə görə, mayın 25-də Rusiyada keçirilməsi gözlənilən görüş öncəsi bu normaldır. Separatçıların gecə saatlarında toplantı keçirməsi, o toplantıda Paşinyana etiraz etmələri onunla bağlıdır ki, onlar heç bir halda Paşinyanın bu sənədi imzalamasını istəmirlər. Hər halda Moskvada olmasa da, yaxın vaxtlarda Azərbaycanla imzalamaq istəsə onlar buna razı olmayacaqlar. Bu da onu göstərir ki, bu proses İrəvandan deyil, daha çox Moskvadan idarə olunur".
Bu sözləri Sitat.info-ya açıqlamasında hərbi ekspert Üzeyir Cəfərov deyib.
O vurğulayıb ki, Azərbaycan istənilən an ərazisində olan separatçılara qarşı addım ata bilər: "Bu Moskva görüşündən öncə həyəcanlı görüş idi. Onlar deyiblər ki, Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanısa da biz tanımırıq. Rusiya sülhməramlılarına məxsus məktəbli avtobusu ilə terrorçuların daşınması, təlim mərkəzinə aparılıb -gətirilməsi hamısı onu göstərir ki, görüş öncəsi və görüş günü də təxribatlar ola bilər. Atəşkəs pozulacaq, ciddi təxribatlar baş verəcək. Ona görə də biz bu təxribatların baş verməməsi üçün separatçılara ən sərt şəkildə xəbərdarlıq etməliyik".
Nərgiz,
Sitat.info