"Azərbaycanda sığortanın 1 modeli var- kommersiya sığortası. Bütün sivil ölkələrdə iki model var. Kommersiya sığortası var və müştərək sığorta var".
Bu sözləri Sitat.info-ya açıqlamasında hüquqşünas, iqtisadçı ekspert Əkrəm Həsənov deyib.
O hər iki anlayışa izahat verib: "Kommersiya sığortası odur ki, mən evimi və ya avtomobilimi sığortaladım və illik 50 manat sığorta ödənişi etdim. İl ərzində sığorta hadisəsi baş vermədisə, mənim sığorta pulum sığorta şirkətinin sahibicinin cibinə gedir. Ona görə də sığorta şirkəti sahibi maraqlıdır ki, hadisə baş verərsə, sığorta haqqını ödəməsin və min cür bəhanə ilə ödənişdən yayınsın. Müştərək sığortada isə belədir ki, tutaq ki, yüzminlərlə şəxs evini sığorta etdirdi və sığorta şirkətində 100 milyon manat vəsait toplandı. Şirkət elan edir ki, o pulun 20 faizi bizim gəlirimizdir, qalan 80 faizi isə sığorta hadisələrinə xərclənə bilər. Bu zaman sığorta hadisəsi baş verərsə, şirkət sahibi onsuz da özünə götürə bilməyəcəyi 80 milyondan rahatlıqla sığorta haqqını ödəyir. İlin sonunda pul qalırsa o da növəbti il üçün sığorta haqqı kimi hesablana bilər".
Ə.Həsənovun fikrinə, bu zaman ödənilən pul batmır və sığorta hadisəsi zamanı sığorta şirkəti rahatlıqla pulu ödəyir: "Biz də əmin oluruq ki, hansısa problem çıxmayacaq. Bu model bütün dünyada işləyir. Azərbaycanda isə sığorta lobbisi buna imkan vermir. Bizdə müştərək sığorta anlayışı qanunda 1 cümlə ilə qeyd olunsa da izahı və mexanizmi göstərilməyib".
Nərgiz,
Sitat.info