"Bu qanun özü qanunsuzdur, sığorta şirkətlərinin oyunudur" - Hüquqşünas Əkrəm Həsənov

18:34 25 May 2023

"Mənzillərini sığorta etdirmədiyi üçün vətəndaşları cərimələmək qanunsuzdur. Hətta kimisə cərimə etsələr və o məhkəməyə müraciət etsələr, bir hüquqşünas kimi mənə müraciət edən ilk şəxsin məhkəmə işini pulsuz aparacağam. Həm nümunə kimi bunu hamıya göstərmək üçün, iddia ərizəsinin formasını və sair izah etmək üçün, həm də Konstitusiya məhkəməsinə qədər aparmaq üçün. Sübut edəcəyəm ki, bu qanunsuzdur. Mən şəxsən özüm də evimi sığortalamıram və bu prinsip məsələsidir. Ancaq könüllü olsaydı, mütləq edərdim". 

Bu sözləri Sitat.info-ya açıqlamasında iqtisadçı ekspert, hüquqşünas Əkrəm Həsənov deyib. 

O vurğulayıb ki, bu qanun illərlə tətbiq olunmayıb və ölü qanundur: "Bu özü onu göstərir ki, dövlət bu qanunun qanuna zidd olması ilə özü də razılaşıb. Qanuna görə, istənilən əşyanın itkisi və zərərə düşməsi ilə bağlı məsuliyyəti onun sahibi daşıyır. Özü bilər, itirəcək ya sığortalayacaq. İcbari sığorta üçüncü şəxslərin əmlakını sığortalamaq üçündür. Necə ki, avtomobillərin icbari sığortasında belədir. Başqasına dəyən ziyanı sığortalayırsan".

Hüquqşünas əlavə edib ki, mənzillərin sığortalanması məsələsində üçüncü şəxsə dəyən ziyan nəzərə alınmır: "Məsələn, mən mənzilimi sığortalamışam, alt qonşum isə sığortalamayıb. Mənim evimdən su axsa və qonşunun mənzilinə ziyan dəysə, mənim sığortam onu ödəmir. Yəni üçüncü şəxsə vurulan ziyan ödənməmiş qalır. Əslində bu tərsinə olmalı idi. Burada ədalət prinsipi pozulur. Bu qanun özü qanunsuzdur, sığorta şirkətləri arada belə ajiotaj yaradırlar. Bu sığorta şirkətlərinin oyunudur. Mənzillərin sığortası avtomobil sığortasından daha gəlirlidir, çünki il ərzində ölkədə çox az sayda mənzillə bağlı hadisə olur. Avtomobil sığortası isə artıq yol-nəqliyyat hadisələrinin kəskin artması səbəbindən sərfəli deyil". 

Nərgiz,

Sitat.info 

 



Xəbər xətti