"Tovuza atəş, Şuşaya atəş, Ağdama atəş, orda səngər qazırlar, burada mühəndislik istehkam işləri görürlər. Sülh istəyən dövlət belə hazırlaşarmı? Moskvada və Brüsseldə olan görüşlərdən sonra minaatanlardan atəş açdılar. Moskvadakı görüşdən sonra Mirzoyan deyib ki, Azərbaycan Laçın yolunu bağlayıb. Ceyhun Bayramov və Lavrovla görüşdə bu sözü deyib. Yenə növbəti görüş Moskvada planlaşdırıldı. Gələn həftələrdə Paşinyan bu dəfə Rusiyanın baş naziri Mixail Mişustinin qonağı olacaq. O görüşdən də nə isə gözləmirəm. Əksinə prosesləri dalana dirəmək üçün Rusiya əlindən gələni edir".
Sitat.info xəbər verir ki, bu sözləri polkovnik, hərbi ekspert Üzeyir Cəfərov Sitat TV-nin efirində "Canlı Polemika" verilişində deyib
o bildirib ki, bu səbəbdən Kişinyov görüşü də vaxt itkisidir: "Moskva görüşü də ikiqat vaxt itkisidir. Hər halda biz separatçılarla bağlı mayın 28-də Laçında səsləndirilən fikirlərin davamını gətirməliyik. Martın 5-də Azərbaycanın xarici işlər naziri bəyanat verdi. Bəyanat ondan ibarət idi ki, dərhal qeyri-qanuni silahlı birləşmələri çıxmalıdır. Xankəndi Xəlfəli yolunda iki şəhidimiz oldu, ardı gəlmədi. Onda hələ aktivistlər öz aksiyalarını davam etdirirdilər.
Aprel ayında isə üç şəhidimiz və yaralılarımız oldu, yenə bir nəticə olmadı. İndi mayın 28-də Laçınlıların köçürülmə mərasimindən sonra Azərbaycan prezidenti bəyanat səsləndirdi. Bu illər ərzində ilk dəfə idi separatçılara “o parlamenti yığışdırın, cinayətkar prezident təslim olmalıdır” sözlərini eşitdik. Davamını gətirmək lazımdır. Belə bir deyim var: "Quran oxumaqla, donuzu darılıqdan çıxarmaq olmaz". Bu danışıqlara vaxt sərf etməklə biz yenidən əvvəlki dönəmə qayıdacağıq. 28 il ATƏT-in MİNSK qrupu çərçivəsində guya hansısa müzakirələr aparıldı. Bu bizim daxili işimizdir, buna heç kim bizə irad tuta bilməz".
Seymur Bənnayev,
Sitat.info