Bura İngiltərədir ki, bütün otellərin adı ingilis dilindədir? - Sərdar Cəlaloğludan sərt tənqid

17:00 2 İyun 2023

"Reklam Agentliyinin başında duranlar yaxşı bilirlər ki, reklam özü siyasi bir məsələdir. Ona görə də Azərbaycanın Rusiyanın təsirindən çıxmaması üçün Bakıda bir dənə də olsun öz dilimizdə reklam yoxdur".

Bu sözləri Sitat.info-ya açıqlamasında ADP sədri Sərdar Cəlaloğlu deyib.

Onun sözlərinə görə, İlham Əliyev dil məsələləri ilə bağlı sərəncamlar verib, lakin heç birinə əməl edən yoxdur: "İranda uşaqlara türk adları qoymaq qadağan edilib. Bizdə açılan hər hansı bir obyektə digər bütün dillərdə adlar qoyulur. Bunları Rusiya casusları edir. Xalqımızın tarixində o qədər görkəmli şəxslər var ki, xalq onların adını bilmir. Reklam özü həm də bir təbliğat üsuludur". 

Partiya sədrinin fikrincə, Azərbaycanda elə adlar var ki, onu heç cürə başa düşmək olmur: " İngilis, alman və s. dillərdə adlar qoyurlar. Azərbaycanda yaşayan bir şəxs həmin adları lüğətsiz başa düşməz.  Heç bir ölkədə başqa dillərdə reklam olmur. Burada sadəcə başqa dildən söhbət getmir. Digər xalqların tarixini, ədəbiyyatını, mədəniyyətini təbliğ edirlər. Bu yöndə Azərbaycan xalqına qarşı aparılan siyasətin biri də elə Azərbaycan Dövlət Reklam Agentliyidir", - S. Cəlaloğlu açıqlamasında deyib.

ADP sədri hesab edir ki, bu reklamlara baxdıqda həmin agentlikdə çalışanların milli kimliyi, onların dövlətə, millətə, münasibətinin açıq-aşkar məlum olur:  "Azərbaycanda Prezident dilçiliklə bağlı 10 sərəncam imzalayıb, "Dil haqqında qanun" var. Sən kimsən ki, bu dilin reklam sahəsində işlədilməsini qadağan etmisən? Bura İngiltərədir ki, bütün otellərin adı ingilis dilindədir?".

Seymur Bənnayev

Sitat.info



Xəbər xətti