Bu il Türkiyə-Ermənistan münasibətlərinin tam bərpasının şahidi olacağıq" - Natiq Cəfərli

19:31 5 İyun 2023

"Türkiyə fraqmental dünyanın yeni cazibə mərkəzlərindən biridir. Cənubi Qafqazda sülh olacaqsa, bunun zamini Türkiyə ola bilər. Ermənistanın təhlükəsizliyinə zəmanət lazımdırsa, bunun zəmanətini Türkiyə verə bilər. Bu ciddi bir yenilikdir".

Bu sözləri Sitat.info-ya açıqlamasında Real partiyasının icraçı katibi Natiq Cəfərli deyib.

O bildirib ki, Paşinyanın səfərdən öncə və səfərdən sonra verdiyi açıqlamalar da maraqlıdır: "Onları da nəzərə alsaq, nəticə olaraq bunu deməyə əsas var ki, Ermənistanda Konstitusiya dəyişiklikləri gözlənilir. Çünki faktiki olaraq Ermənistan Konstitusiyasında ətraf ölkələrə, o cümlədən Türkiyəyə açıq və gizli ərazi iddiaları var. Ağrı dağı ilə bağlı və başqa məsələlərlə bağlı. Ona görə də, Paşinyan və komandası anlayır ki, fraqmental dünyada Rusiyanın zəifləyəcəyi və zəifləməsinin davam edəcəyi bir dünyada onların, zamini Fransa, Hindistan, Braziliya olmayacaq. Onların zamini, onların təhlükəsizliyinə zəmanət verə bilən, Azərbaycanla Türkiyə ola bilər". Çünki 85 milyonluq və on milyonluq iki türk cümhuriyyətinin ortasında yerləşən Ermənistanın sağ qalmaq, var olmaq və təhlükəsiz yaşamaq şansı ancaq bu iki ölkə ilə normal münasibətlərdən keçir. Türkiyənin də həm NATO ölkəsi kimi, həm regional güc kimi Ermənistana təhlükəsizlik zəmanətinin verilməsindən keçir".

N.Cəfərli hesab edir ki, Paşinyan və komandası bunu artıq dərk ediblər: "Bu yolda müəyyən irəliləyişlər də olacaq. Mən düşünürəm ki, hətta bu il biz Türkiyə ilə Ermənistan arasında münasibətlərin tamamilə bərpa olmasının yəgin ki, şahidi olacağıq. Qarşılıqlı səfirliklərin açılması, quru yolların açılması gözlənilir. Demək olar ki, artıq baş verib. Yüklərin bəzi hissələri gedir. Amma ölkə vətəndaşlarına tamamilə açılması üçün bu il qərarlar ola bilər".

Ekspert qeyd etdi ki, Paşinyanın andiçmədə iştirakı çox vacib idi: "Mənə elə gəlir ki, bu ümumiyyətlə regional sülh quruculuğu yolunda irəliyə doğru addım kimi qiymətləndirilə bilər. Bu tip tədbirlərin maraqlı hissəsi qeyri-formal görüşlərdə olur. Ayaqüstü və ya çay içilərkən edilən söhbətləri nəzərdə tuturam, yəni kulisdə olan görüşlər. Orada da göründü. Həm Azərbaycan prezdenti, həm də Ərdoğanla Paşinyanınayaqüstü söhbəti olub . Paşinyan orada daha rahat davrana bilir. Çünki Rusiya ilə danışanda arxasında Rusiyanın nəfəsini hiss edir, rahat ola bilmir. Xaricdə danışanda isə, Fransa və başqa dövlətlərin nəfəsini hiss edir, orada rahat ola bilmir. Burada isə daha rahat mühitdə idi. Üstünə heçkim gəlmirdi. Ayaqüstü danışıqlardakı gülümsəmələr, jestlər ondan xəbər verir ki, səmimi bir mühit olub. Yəqin ki, müxtəlif məsələlərin də, ayaqüstü də olsa müzakirəsi baş verib".  

Ayna Fərhad,

Sitat.info



Xəbər xətti