Türkiyədəki yüksək inflyasiya Azərbaycana da təsir edə bilər - Vahid Əhmədov

16:14 8 İyun 2023

"Türkiyədə lirənin ucuzlaşması seçkilərdən də 1 il öncə başladı. İndi də lirənin dəyərdən düşməsi davam edir və sonrakı günlərdə də davam edəcək. Buna birdən-birə son qoymaq, inflyasiyanın qarşısını almaq qeyri-mümkündür".

Bu sözləri Sitat.info-ya açıqlamasında millət vəkili Vahid Əhmədov deyib.

O bildirib ki, Türkiyənin yeni iqtisadiyyat naziri Mehmet Şimşəyin müəyyən addımlar atacağı ilə bağlı proqnozlar var: " Kimliyindən asılı olmayaraq, Türkiyə iqtisadiyyatını belə bir böhrandan çıxarmaq üçün, bu cür böyük inflyasiyanın qarşısını almaq üçün vaxt lazımdır. Bunun əlbəttə, bizə də müəyyən təsiri var. Bizim Türkiyə ilə ticarət əlaqələrimiz var. Türkiyədən idxal ölkəmizdə inflyasiyanı artıra bilər. Çalışmalıyıq ki, Türkiyədən idxal məhsullarının həllini müəyyən qədər azaldaq. Bunun üçün İqtisadiyyat Nazirliyi tərəfindən müəyyən işlər həyata keçirilir. Amma intensiv işlər görmək lazımdır ki, idxal inflyasiyası Azərbaycana təsir göstərməsin".

V.Əhmədov əlavə edib ki, Türkiyədə yeni komanda kifayət qədər təcrübəli komandadır: "Yeni maliyyə nazirinə münasibət çox yaxşıdır. Onlar müəyyən qədər bu böhrandan Türkiyəni çıxara bilər. Ancaq bu proses ola bilər ki, 1 ildən çox vaxt aparsın".
Millət vəkili qeyd edib ki,  Türkiyə iqtisadiyyatının hazırki vəziyyətində xarici təsirlərin rolunun olduğuna inanmır: "Türkiyədə dollar tənzimlənmir, dolların məzənnəsini bazar müəyyən edir. Bizdə neft var, lazım olanda neft gəlirlərindən istifadə edərək manatın məzənnəsini saxlayırıq. Türkiyədə elə bir mənbə yoxdur. Normal bazar iqtisadiyyatında belə də olmalıdır.Xarici amillərin təsiri əlbəttə ki, olur. Əsas odur ki, daxildə istehsalın olsun, idxaldan asılı olmayasan. İdxaldan asılılığın qarşısı alınmalıdır".

Nərgiz,

Sitat.info



Xəbər xətti