Bakıda və bölgələrdə yaşıl soyqırım davam edir. Ağaclar kəsilir, yaşıllıqlar zəbt edilir. Son bir həftədə Bakının Nəsimi və Suraxanı rayonlarında bu cür faktlar ortaya çıxıb. Elə bu gün Baş prokurorluğun yaydığı rəsmi məlumatda da qeyd edilir ki, İmişli, Lerik və Xaçmaz rayonu ərazisində qanunsuz ağackəsmə faktları ilə bağlı araşdırma aparılıb. Araşdırmalar zamanı bu rayonların ərazilərində meşə fonduna daxil olmayan, ümumilikdə 99 ədəd ağac və kolun qanunsuz kəsilməsi nəticəsində təbiətə 50 min manatdan çox ziyan vurulmasına əsaslı şübhələr müəyyən edilib.
Aşkar edilmiş faktlarla bağlı Cinayət Məcəlləsinin 259.1 və 259.2.4-cü (xeyli və külli miqdarda ziyan vurmaqla qanunsuz ağackəsmə) maddələri ilə cinayət işləri başlanaraq istintaqın aparılması üçün aidiyyəti üzrə daxili işlər orqanlarına göndərilib.
Bakıda isə bu cür əməllər əksər hallar iri şirkətlər tərəfindən törədilir və cəzasız qalır. İki gün əvvəl isə "Kristal Abşeron" MTK-nın Nəsimi rayonunda, ağacları doğrayıb, ərazidən tikinti məqsədilə istifadə edilməsi ilə bağlı videofaktlar paylaşıldı.
Sitat.info olaraq biz də, ötən həftə Suraxanı rayonu, "Yeni Günəşli" qəsəbəsində isə yol kənarlarındakı ağacların kafe və restoranlara satılması (və yaxud icarəyə) faktları ilə bağlı yazı dərc etdik, video paylaşdıq.
Bu barədə milyona yaxın izləyicisi olan feysbuk qruplarında paylaşımlar etdik. Yüzlərlə insan bu məsələ ilə bağlı fikrini yazdı, təbii ki, sosial şəbəkə istifadəçiləri günahı Ekologiya və Təbii Sərvətlər Nazirliyində gördülər. Hətta şərhlərdə, paytaxt Bakıda onlarla belə qanunsuzluqlar olduğunu yazanlar da oldu. Elektron ünvanımıza belə faktlarla bağlı yeni şikayətlər göndərdilər.
Bu cür özbaşınalıq edənlərə kimlər şərait yaradır?
Sitat.info-un əməkdaşı hər iki faktla bağlı bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinə müraciət edib, nazirliyin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova isə bu məsələni araşdıracaqlarını bildirib.
Artıq müraciətimizdən 7 gün vaxt keçib və bu faktlarla bağlı nazirlikdən heç bir rəsmi məlumat ala bilməmişik. Bu ağacları kim doğratdırıb, bu yaşıllıqları kafe və restoanlara satanlar kimlərdir? Ünvanladığımız sualları cavabsız qalıb.
Jurnalist olaraq əlimizdən gələn budur. Buradan o tərəfə aidiyyatı qurumların insafına və vicdanına qalıb.
Bəs, ekoloqlarımızın bu məsələyə münasibəti necədir? Bu cür özbaşınalıqların qarşısını necə almalıyıq? Ekoloqlar bu faciəli mənzərəyə nə deyilər?
Tanınmış ekoloq Telman Zeynalov, bu sahədə vəziyyətin acınacaqlı olduğundan gileyləndi: "Müstəqil ekspertləri cəlb edərək bu problemi qabartmaq olar. O zaman bunların əməllərini sübuta yetirmək olar. Jurnalistlər ekoloji problemlərə müstəqil eksperləri cəlb etməlidirlər. Respublikada ekoloqlar, bu sahənin ekspertləri bir-iki nəfərdir, barmaqla saymaq olar. Qalanları hamısı pula mənliyini satanlardır. Bu barədə o qədər problemlər var ki...".
Ekoloq deyir ki, ölkədə icra hakimiyyətləri at oynadır: "Haranı istəyirlər satırlar, zəbt edirlər. Ağac kəsmək istəyəndə də kəsirlər. Bu məsələdə Ekologiya Nazirliyi isə heç kimdir, sanki lal ördəkdir. Bakıda ümumiyyətlə ekoloji vəziyyət acınacaqlıdır. Problemləri saymaqla bitməz".
Məğrur,
Sitat.info