Vaxt azalır! Gələcəkdə neft sektorunu hansı sahə əvəz edəcək: Vüqar Bayramovun ŞƏRHİ

14:33 9 İyun 2023

"Azərbaycan enerji ölkəsi statusunu 2050-ci ilə qədər qoyurub saxlaya biləcək. Hasilatda azalmanın müşahidə olunmasına baxmayaraq, həmin dövrə qədər neft hasilatı davam edəcək. Eyni zamanda mavi qaz hasilatı və alternativ mənbələrdən enerji istehsalının artırılması və ixracatı Azərbaycanın enerji ölkəsi statusunun qorunub saxlanılmasına imkan verəcək. Sözsüz ki, 2022-2026-cı illəri əhatə edən strategiya və 2030-cu ilə qədər olan milli prioritetlərdə də məqsəd birbaşa qeyri-neft sektorunun inkişaf etdirilməsidir".

Bu sözləri Sitat.info-ya açıqlamasında deputat, iqtisadçı alim Vüqar Bayramov deyib. 

Onun  sözlərinə görə, iqtisadiyyatda bir sıra sektorlar var ki, onların daha çox təşviq edilməsi və dəstəklənməsinə ehtiyac var: "Əvvəla, qeyri-neft sektoru ilə yanaşı, enerjidə yardımçı sahələrin inkişaf etdirilməsi çox vacibdir. Söhbət daha çox enerji məhsullarının istehsalından gedir. Azərbaycan artıq bu ilin ikinci yarısında Avro 5 standartına uyğun yanacaq istehsal edəcək. Həçmin yanacağın ixrac imkanları var. Belə ki, xam nefti bu şəkildə emal edərək satıb bir neçə dəfə çox gəlir əldə etmək mümkündür. Ona görə də, neft sektorunda neft məhsulları istehsalının genişləndirilməsi və bu istiqamətdə sərmayənin yönəldilməsi  məqsədəuyğundur. Bu  birmənalı şəkildə Azərbaycanın ixrac imkanlarını artıra bilər və daha çox gəlir əldə edilməsinə səbəb ola bilər". 

V.Bayramov vurğuladı ki, kimya sənayesində də bu tip üstünlüklərimiz var: "Çünki xammal bazası var və bu da istehsal baxımından əlavə imkanlar yaradır. Qeyri-neft sektorunda isə turizm vacib sahələrdən biridir. Hazırda da turizm enerji sektorundan sonra ölkəyə ən çox valyuta gətirən ikinci ən böyük sektordur. Turizmin inkişaf etdirilməsinə və daha çox valyutanın bu yolla ölkəyə cəlb edilməsinə ehtiyac var". 

Deputat onu da diqqətə çatdırdı ki, aqrar sektor hər zaman prioritetdir: "Çünki bu həm də məşğulluq baxımıdan və  ərzaq təhlükəsizliyi baxımından çox vacibdir. Ona görə də, Azərbaycanın qeyri-neft ixracatının üçdəbirindən çoxunu aqrar məhsullar təşkil edir. Digər innovativ səhələr, həm yüngül sənaye, həm də informasiya texnologiyalarının istehsalında da Azərbaycan regional üstünlüyə malik ola bilər. Bu istiqamətdə Azərbaycanın mövqeyini gücləndirilməsi və təşfiqin bu istiqamətə yönəldilməsinə ehtiyac var ki, ölkəmiz həmin sektorlarda da ixrac imkanlarını genişləndirə bilsin". 

Nərgiz,

Sitat.info



Xəbər xətti