Ermənilər təxribatlardan əl çəkmirlər. Bu təxribatlar anti-terror əməliyyatlarının yaxınlaşmasını sürətləndirir. Başqa alternativimiz də yoxdur. Hətta bu təxribatlar və Ukrayna müharibəsi olmasaydı belə, biz separatçıları tərksilah etməliydik. Nə qədər tez olsa, bu hamı üçün müsbət hal olar".
Bu sözləri Sitat.info-ya açıqlamasında politoloq, "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu deyib.
O bildirib ki, yenə də separatçıların haradasa silahlanmağa çalışıması, rus nəqliyyat vasitələrinin onları müşahidə etməsi ilə bağlı görüntülər yayılır:
"Başqa ölkədən silah-sursat almağa çalışırlar. Məsələn, Fransa Ermənistana silah ötürüb. Fransa prezidenti Emmanuel Makron ermənipərəst siyasətindən əl çəkmir. Onun başı başqa məsələlərdə də problemlərə qarışıb. Məsələn, NATO Yaponiyanın paytaxtı Tokioda ofis açmaq istəyinin əleyhinə çıxıb. Çinlə eyni mövqedən çıxış edib . Makron Çinlə də yaxınlaşmaq istəyir. Hər yerdə özünü göstərməyə çalışır ki, guya Amerikadan fərqli siyasət yürüdür. İndi Çinlə də yaxınlaşmaq və Ermənistana silah ötürmək siyasətinə bu səmtdən yanaşa bilərik".
E.Şahinoğlu vurğuladı ki, Ermənistan yenidən silahlanmağa çalışacaq: " Amma burada Rusiya ilə bağlı da müəyyən iradları var. Guya Rusiyaya pul veriblər və Rusiya o silahları Ermənistana göndərib. Biz Laçın yolunda sərhəd keçid məntəqəsi yaratdıqdan sonra Ermənistanın Qarabağa silah-sursat ötürməsi tam deyil, amma xeyli çətinləşib. Ola bilsin ki, hər hansı cığır yolları var və ordan keçirməyə çalışa bilərlər. Amma böyük texnikanı keçirmələri çətindir. Çünkü biz həm strateji yüksəklilərə, həm də Laçın yoluna nəzarət edirik. Amma buna qədər yəqin ki, kifayət qədər silah-sursat keçirilib. Bu silah-sursatın da böyük bir hissəsini separatçılar böyük ehtimalla torpağın altında gizlədiblər. Bu separatçıların ümumi yanaşma tərzidir. Tək erməni separatçıları deyil , bütün separatçılara aid olunur. Məsələn, sülh razılaşması əldə etdikdən sonra düşünürlər ki, nə vaxtsa yenidən toqquşma olar deyə silahların bir hissəsini gizlədirlər. Mən şübhə etmirəm ki, erməni separatçıları hətta gələcəkdə bizim şərtləri qəbul etsələr belə, bütün silahları təhvil verməyəcəklər. Hansısa silahları torpaq altında gizlətməyə çalışacaqlar. Ona görə də biz bu istiqamətdə də fəaliyyətimizi gücləndirməliyik. Gördüyünüz kimi internetdə görüntülər yayılır ki, nələrsə daşıyırlar. Böyük ehtimalla silah-sursat daşıyırlar".
Səid İsaoğlu
Sitat.info