"Bizim Türkiyə ilə analoqu olmayan dostluğumuz var" - Arzu Nağıyev

16:08 13 İyun 2023

"Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın məhz Azərbaycana səfər etməsi çox mühüm əhəmiyyət kəsb edir. Yenidən prezident seçildikdə sonra Şimali Kiprə, daha sonra Azərbaycana səfər etməsi Azərbaycanın Türkiyə üçün nə qədər əhəmiyyətli bir dövlət olduğunu, necə bir dost olduğunu bir daha göstərir. Əsas məqam ondan ibarətdir ki, cənab Ərdoğan gəldikdən sonra da Prezident İlham Əliyevlə təkbətək və nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüşlər keçirdi. Mətbuat üçün verdiyi açıqlamalar da bir daha göstərdi ki, həm regional, həm də qlobal məsələlər, eyni zamanda Azərbaycan - Türkiyə məsələləri iki ölkə üçün əhəmiyyət kəsb edir, bu istiqamətlərdə addımlar atılacaq. Əsas məsələ Rusiya-Ukrayna müharibəsi, Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanması, Türkiyə - Ermənistan sərhədlərinin açılması əsas müzakirə predmetləridir.
Ümumiyyətlə bu gün bizim münasibətlərimiz ən yüksək səviyyədədir və daha da inkişaf edəcək".

Bu sözləri Sitat.info-ya açıqlamasında deputat Arzu Nağıyev deyib.

O bildirib ki, Azərbaycanda Ərdoğana rəğbət böyükdür: "Prezidentimizin açıqlamasında da bir daha qeyd olundu ki, ölkəmizdə Ərdoğanı neçə çox istəyirlər, ona necə sayğı və münasibət var. Əsas məqamlardan biri də Şuşa bəyannaməsinin ikinci ildönümü ərəfəsində Şuşada konsulluq açılması gündəmə gəldi. Bu ciddi bir mesajdır. Həm qonşu dövlətlər, həm də dünya üçün ciddi bir mesajdır ki, biz gələcəkdə də xarici siyasətdə ortaq addımlar atacağıq. Şuşada konsulluq açılması gələcəkdə orada yaşamaq istəyən, hansısa şirkətlərlə münasibəti olan şəxslər üçün xidməti fəaliyyət göstərəcək".

A.Nağıyevin fikrincə, Azərbaycanın şəhərlərində səfirlik və konsulluq olması iki dövlətin daha da yaxınlaşması üçün atılan addımlardır: " Bizim analoqu olmayan dostluğumuz var. Burada şəxsi münasibətlərdən də söhbət gedir. Azərbaycan da Türkiyə üçün vacib dövlətdir. Həm baş verən zəlzələ vaxtı Türkiyənin yanında ilk olaraq Azərbaycanın olması, eyni zamanda hərtərəfli yardımlar etməsi də dünyaya sübutdur ki, dostluq-qardaşlıq hansı məsələlərdə həlledicidir".

Nərgiz,

Sitat.info



Xəbər xətti