"İran hökumətində Azərbaycanla bağlı ortaq qərar yoxdur" - Politoloq

17:19 13 İyun 2023

"İranın xarici işlər naziri Ceyhun Bayramova dördüncü dəfə zəng edib. Get-gedə münasibətlər normallaşır. Dünən İran XİN sözçüsünün bir açıqlaması diqqətimi çəkdi. Belə bir ifadə işlətdi ki, "münasibətlərdə gərginliyin idarə olunması vacibdir". Yəni Tehran etiraf edir ki, münasibətlər həqiqətən gərgindir. Burda "gərginliyin idarə olunması" terminini ortaya qoyurlar. Bu o deməkdir ki, iki ölkə arasında daha çox gərginlik yaşanmasın".

Bu sözləri Sitat.info-ya açıqlamasında politoloq Elxan Şahinoğlu deyib.

Onun sözlərinə görə, İran bu cür açıqlamalar versə də, İran daxilindən başqa səslər də çıxır: "Biz iki əllə buna razıyıq, amma görün nə baş verir. Ötən günlərdə İran XİN, Ceyhun Bayramova zəng edərək bildirir ki, gəlin səfirliyi bərpa edərək, münasibətləri gərginlik mərhələsindən çıxardaq. Həmin saatlarda da İranın daxili İşilar naziri, sərhəd tərəfə Arazın sahilinə gələrək, Azərbaycanın əhelinə açıqlama verdi. Yəni, bir nazir Bakıya zəng edərək münasibətlərin normallaşmasını istəyir, digər nazir isə Azərbaycanı hədələyir. Belə normallaşma ola bilərmi? Belə olan vəziyyətdə, heç bir halda gərginliyin aradan qaldırılması münkün deyil".

Politoloqun fikrincə, əgər gərginliyin azalmasını və ya aradan qaldırılmasını Tehran istəyirsə, İran prezdenti rəsmilərinə, hərbiçilərinə, diplomatlarına, deputatlarına, mollalarına əmr etməli və ya yazılı açıqlama göndərməlidir ki, Azərbaycan əleyhinə açıqlama verməyin: "Əslində bunu edə bilərlər. Məsələn, Səudiyyə Ərəbistanın misalında bunu etdilər. Səudiyyə Ərəbistanı ilə İran arasında münasibətlər gərgin idi. Anladılar ki, bu gərginliyə görə İran problemlər yaşayır, Çinin vasitəsi ilə danışıqlar getdi və razılaşma əldə etdilər, səfirliklər açıldı. İstəyir mollası, diplomatı, deputatı və ya hərbiçisi olsun, İranda bir nəfər belə Səudiyyə Ərəbistanı əleyhinə açıqlama vermir. Demək ki, istəyəndə mümkündür. Problem ondadır ki, Azərbaycanla bağlı ortaq qərarları yoxdur. Ortaq qərar olmayana qədərdə münasibətlər normallaşmayacaq və səfirliyimizin yenidən fəaliyyətindən danışmaq yersizdir".

Ayna Fərhad,

Sitat.info



Xəbər xətti