"Separatçıların Azərbaycanın mövqelərini atəşə tutması Rusiyanın təhriki ilə baş verir. Mən burada başqa bir məsələnin müzakirə olunmasının tərəfdarı deyiləm. Çünki indiyə qədər danışıqların intensivləşmədiyi vaxtda Rusiya özünü sakit aparırdı. Son vaxtlar isə Rusiya rəsmilərinin verdiyi bəyanatlar onu deməyə əsas verir ki, Kreml heç bir halda Rusiya-Azərbaycan-Ermənistan formatından kənarda danışıqların aparılmasına qarşıdır. İndi baxaq görək bu prosesin sonu nə ilə bitəcək".
Bu fikri Sitat.info-ya açıqlamasında hərbi ekspert Üzeyir Cəfərov deyib.
O, hesab edir ki, onlar danışıqlar prosesini pozmaq üçün, danışıqları dalana dirəmək üçün əllərindən gələni edəcəklər: "Artıq Rusiya səfiri də dəyişdirildi. Mixail Boçarnikovin əvəzinə, Rusiya XİN departament rəhbəri Mixail Evdokimov Rusiyanın Azərbaycanda fövqəladə və səlahiyyətli səfiri vəzifəsinə təyin olunub. Ruslar bunu fərqli formada təqdim etmək istəyirlər. Bu sıradan bir məsələ deyil. Evdokimov Lavrovun nəfəsini Azərbaycana gətirib, bir rupor kimi prosesləri yayımlayacaq".
Hərbi ekspert hesab edir ki, bu yolla Kreml dominantlığını qorumağa çalışır: "Rusiyanın Ermənistandakı səfiri Sergey Kapırkin də çox aktivdir, erməni rəsmiləri ilə, separatçılarla görüşür. Yəqin ki, biz Evdokimovun da bölgədə müəyyən aktivliyinin şahidi olacağıq. Proseslər daha aktiv mərhələyə keçir, ona görə də bu məsələ Rusiyanın prioritet məsələsinə çevrilir. Kreml belə bir təcrübəli şəxsi təyin etməklə proseslərdə dominantlığını təmin etmək istəyir".
Məğrur,
Sitat.info