Natiq Cəfərli: "Dövlətin iqtisadiyyatda dominant rol oynadığı görünür"

21:28 19 İyun 2023

"Çox təəsssüf ki, Azərbaycanda bir çox sahələrdə, əsasən də iqtisadiyyatda dövlətin dominant rol oynadığı görünür və bu getdikcə artır".

Bu sözləri Sitat.info-ya açıqlamasında REAL partiyasının sədri Natiq Cəfərli deyib. 

Onun sözlərinə görə, dövlətin özəl sektordan daha çox iqtisadiyyatda dominantlığı var: "Paralel olaraq Azərbaycan dövlətin sosial yardımların xəritəsini və sayını da genişləndirir, lakin bu heç də məsələləri kökündən həll etmir. Bir nümunə kimi uşaqpulu məsələsini götürsək, Azərbaycan höküməti hər il 700 minə yaxın uşağa müxtəlif istiqamətlərdə, 5-6 sosial layihələr çərçivəsində uşaq pulu verildiyini söyləyir. Lakin bu da insanlar tərəfindən qaneedici şəkildə qəbul olunmur. Sosial müavinət verilən insanların sayı artsa da bununla yanaşı narazılıq da artır. Bu məsələdə Azərbaycan hökuməti dövlətin dominantlığını azaltmaqdansa təəssüf ki, bunun artırılması ilə məşğul olur".

N. Cəfərli qeyd edib ki, dayanıqlı şəkildə qazanc əldə edə biləcək vətəndaş yetişdirməklə onlara bu fürsətləri yaratmaq lazımdır: "Kiçik, orta sahibkarlıqla bağlı 20-25 ildir ki, hər dəfə hökümət danışır, lakin ciddi addımlar atılmır. Özəl sektora, kiçik, orta sahibkarlığa, özünüməşğulluğa önəm vermək lazımdır ki, dövlətdən asılılıq da azalsın. Bununla da dövlətin sosial yükü azalacaq və vətəndaşlarda da məmnuniyyət hissi yaranacaq. Çox təəssüf ki, dövlətin iqtisadiyyatda dominantlığı məsələsində hər hansı ciddi siyasət dəyişiklikləri görmürük".

Seymur Bənnayev

Sitat.info



Xəbər xətti