Xəbər verdiyimiz kimi, Baş nazir Əli Əsədovun sərəncamı ilə Gədəbəy rayonunun Söyüdlü kəndində tullantıxana sahəsində monitorinqlərin aparılması və mövcud vəziyyətin qiymətləndirilməsi məqsədilə Komissiya yaradılıb. Sakinlərin ekoloji vəziyyətin təhlükəli olması ilə bağlı şikayətləri araşdırılacaq və məsələyə qismət veriləcək.
Bəs görəsən, Gədəbəydə bu narazılıq nə vaxtdan mövcuddur?
Əslən Gədəbəydən olan AĞ Partiya sözçüsü Cavanşir Abbaslı Sitat.info-ya açıqlamasında bildirib ki, bu problem düz 11 il idi ki, davam edirdi: " Mən Gədəbəyin ucqar kəndində yaşayıram. Söyüdlü şəhər mərkəzinə çox yaxın bir kənddir. Hər rayona gedəndə, bir müddət rayonda qalanda, şəhərin mərkəzinə gedəndə tez-tez sakinlərdən bu narazılıqları eşidirdim. Açıq şəkildə Gədəbəy Qızıl-Mis Emalı Zavodunun açılışından sonra rayonda zəhərli havanın hökm sürdüyünü, getdikcə yaşamağın mümkünsüzlüyə çevrildiyini dilə gətirirdilər. Hətta dəfələrlə rayon icra hakimiyyətinə də şikayətlər ediblər. Amma aidiyyatı qurumlar bu problemi qulaqardına vurdular və nəticədə hər birimizin qəzəbinə səbəb olan bu hadisə baş verdi".
C.Abbaslı bildirib ki, burada təxribat izi axtarmaq məslənin əsl mahiyyətindən insanları uzaqlaşdırmaqdır: "Asayiş keşikçisinə deyirdilər ki, qarşında gedən nənən yaşındakı azəri xanımının gözünə bibərli qaz püskürt? Təbii ki, bu özfəaliyyətdir və hələ də həmin şəxs barəsində ölçü götürülməməsi bizləri çox üzür. Söyüdlü kəndi Gədəbəyin ən çox alimlər yetişdirən kəndlərindən biridir. 3500-ə yaxın əhalisi var. İndi bu əhalini hansısa məqsədlər üçün zəhərləmək olar? Sianid turşusunun həddindən artıq zəhərli olduğu hər kəsə məlumdur. İndi bu zəhərli maddəni gölə axıtmaq olar? Sən bunları et, sonra da de ki, bəs təxribat var. 11 il idi bu problemi görmürdünüz? Rayon icra başçısı Orxan Mürsəlovun bu gün etirazçıların ayağına getmək vaxtı oldu? İndiyə qədər harada idi? Onun verdiyi açıqlamaya baxın. Deyir ki, nənəmizin 78 yaşı var, göl zəhərli olsaydı, bu yaşa gəlib səsi məndən yüksək çıxmazdı. İndi buna nə deyəsən? Hələ onun yanında boynu bükük dayanan I müavin Natiq Nağıyevi demirəm. O da bir müddət rayonda icra başçısının səlahiyyətlərini icra edib. Onun dövründə də bu problem tez-tez dilə gətirilirdi. Hara baxırdı?”.
Partiya sözçüsü problemin həlli üçün təklif də verdi: “Bu göl təkcə Gədəbəy üçün yox, bütövlükdə Qərb regionu üçün real təhlükə mənbəyidir. Yüzminlərlə insanın həyatı ilə bunlar oynayırlar. Təsəvvür edin ki, indiyə qədər həmin göldən su içən neçə heyvan tələf olub. Görün bu insanlara necə təsir edir. Əgər Gədəbəydəki qızıl mədəninin istismarını davam etdirirsinizsə, o zaman Söyüdlü kəndi başda olmaqla təhlükə zonasında yaşayan insanları başqa təhlükəsiz zonalarda evlər tikib köçürün. Bunu etməzlər axı. Çünki maliyyə vəsaitləri xərcləməlidirlər. Nə vaxta qədər bu belə davam edəcək? Bunun bir sonu olmalıdır. Ümid edirəm ki, baş verən bu olaylardan düzgün nəticə çıxarılacaq. Öncəliklə Azərbaycan xanımlarına qarşı o cür zorakılıq edənlər mütləq şəkildə məsuliyyətə cəlb olunacaqlar, problemin də bir həll yolu tapılacaq. Artıq hadisənin araşdırılması ilə bağlı komissiya da yaradılıb. Gözləyək, görək bu komissiya araşdırmanı necə aparacaq. İndidən bu barədə fikir bildirmək hələ ki, tezdir”.
Məğrur,
Sitat.info