"Gədəbəyin Söyüdlü kəndində baş verənlərə hökumətin bu reaksiyası gözlənilən idi. Orada elə bir situasiya yaranıb ki, vətəndaşların maraq və mənafelərinin qorunması önəmli məsələyə çevrilib".
Bu sözləri Sitat.info-ya açıqlamasında Milli Məclisin Mədəniyyət komitəsinin sədr müavini Fazil Mustafa deyib.
Onun sözlərinə görə, özəl sektorun da ayrıca maraqları var. Bu maraqlar hansısa faydalı yataqların istismar olunması, həm də dövlət büdcəsinə vergi verərək gəlir gətirmək mükəlləfiyəti ilə bağlıdır: "Amma bu heç bir halda orada yaşayan insanların zərərinə yönəlməməli, ekoloji vəziyyəti hansısa şəkildə təhlükə altına salmamalıdır. Əgər vətəndaşlar etiraz edirlərsə, deməli, burada hansısa səbəblər var ki, bu səbəblər də diqqətə alınmalıdır. Əslində DİN-in reaksiyası kifayət qədər yerində və vaxtında oldu. Ora qrup göndərildi ki, problem araşdırılsın, vətəndaşa qarşı bu əməli kimlər törədibsə onların məsuliyyət məsələsinə baxılsın. Təbii ki, bu araşdırma aparıldıqdan sonra müəyyən nəticəyə gəlmək mümkündür".
Fazil Mustafa açıqlamasında deyib ki, hökumətin bu istiqamətdə komissiya yaratması burada olan yataqların istismarı, süni gölün yaradılması, onun mümkün nəticələri barədə obyektiv bir araşdırma aparılıb məlumat verilməsi və bunun əsasında da müvafiq qərarın qəbul edilməsi gözləniləndir: "Bu fəaliyyətlər həm də ictimai rəyin nəzərə alındığını göstərir və insanların narazılığına son vermək üçün atılan müsbət bir addım kimi qiymətləndirilməlidir. Bu kimi məsələlərə belə reaksiyaların verilməsi vətəndaş məmnunluğunu üçün də vacibdir. Çünki vətəndaşın dövlətlə hər hansı bir problemi yoxdur. Çox vaxt ayrı-ayrı şirkətlərin, özəl sektorların və yaxud da dövlət məmurlarının marağını dövlət marağı kimi təqdim etmək istəyənlər var. Hər halda ki, burada etiraz varsa çox ciddi narahatedici amillər olduğu nəzərə alınmalıdır".
O düşünür ki, hökumətin bu qərarı vətəndaşları da razı salacaq: "Orada iş yerlərinin açılmasına çalışan, dövlət marağı üçün hər hansı bir müəssisənin tikilməsinin əngəllənməsi baxımdan hamını qane edəcək bir qərarın qəbul edilməsi gözləniləndir. Ona görə də narahatçılıq üçün heç bir əsas yoxdur. Proseslərə operativ reaksiya verilməsi narazı olan vətəndaşların özlərinin də gözlədiyi, arzuladığı bir addım idi. Bu addımın atılması mütləq bu narahatçılığa son qoyacaq. Məsələdə günahı olan şəxslərin məsuliyyət məsələsi də yəqin ki, yaxın zamanda həllini tapacaq".
Seymur Bənnayev
Sitat.info