Ukrayna ordusu Krımla Xerson vilayətini birləşdirən Çonqarski körpüsünə raket zərbələri endirib. Məlumata görə, hücum zamanı Britaniya istehsallı "Storm Shadow” raketlərindən istifadə olunub.
Öncə onu deyək ki, Çonqarski körpüsü Rusiya üçün xüsusi əhəmiyyətə malikdir. Belə ki, məhz bu körpü yarımadaya silah – sursat təminatını kömək edən əsas yollardandır. Körpünün vurulması, şübhəsiz ki, onun logistik əhəmiyyətini xeyli azaltmış olur.
Maraqlıdır ki, Rusiya müdafiə naziri, ordu generalı Sergey Şoyqu bir neçə gün əvvəl demişdi ki, Ukrayna Britaniya istehsalı HİMARS və "Storm Shadow” raketləri ilə Krımı vurmağa hazırlaşır. O qeyd etmişdi ki, bu, ABŞ və Böyük Britaniyanın birbaşa olaraq müharibəyə qoşulması deməkdir.
ABŞ Müdafiə Nazirliyinin nümayəndəsi Sabrina Sinq isə S. Şoyquya cavab olaraq bildirmişdi ki, Krım Ukrayna ərazisidir və Kiyev ərazisinin işğaldan azad olunması üçün hər şey bilər.
Çonqarski körpüsünün vurulması bağlı bir neçə versiya var. Rusların məqsədli şəkildə körpünü vurması və beləliklə, rəsmi Vaşinqtonla Londonun savaşda iştirak etməsinə dair rəy yaratmağa çalışması istisna deyil. Hərçənd, bu, o qədər də ağlabatan görünmür. Çünki dediyimiz kimi, körpü Rusiya üçün xüsusi əhəmiyyətlidir. İkinci bir tərəfdən, Rusiya bunu bilərəkdən edibsə, daxildə Ukraynanın xeyrinə olaraq ictimai şüurun formalaşmasına şərait yaradıb. Nəzərə almaq lazımdır ki, sözügedən məsələ Ukraynanın taktiki uğurudur.
Körpünü ABŞ-ın da vurması mümkündür. Çünki bu addım müharibənin daha da genişləndirəcək. Ağ Evin də istədiyi məhz budur: danışıqlar perspektivinin sıfır olması. Yox, əgər körpünü Ukrayna Silahlı Qüvvələri partladıbsa, böyük ehtimalla bu, yenə də ABŞ-ın nəzarəti, hətta, bəlkə də, təlimatı ilə olub. İndiki məqamda Kiyevin Vaşinqtondan xəbərsiz addım atması inandırıcı görünmür.
Rusiyanın bu addıma səssiz qalacağı inandırıcı görünmür. Yəqin ki, rəsmi Moskva adekvat cavab tədbirləri görməyə çalışacaq. Biz yaxın 10 gün ərzində bu cavab tədbirlərinin şahidi ola bilərik.
Siyasi şərhçi Kənan Novruzov,
xüsusi olaraq Sitat.info üçün...