"Cərimələr nə qədər yüksələcəksə, korrupsiya üçün bir o qədər şərait yaranacaq" - Natiq Cəfərli

13:20 23 İyun 2023

"Əgər cərimələrin yüksək olması ilə problemləri həll etmək mümkün olsaydı, dünyada problem qalmazdı. Bütün qanunların pozulması ilə bağlı cərimələri yüksəldərdilər, bununla da dünya cənnətə dönərdi. Azərbaycan hökumətinin yanlışlığı ondadır ki, cərimələrin yüksək olması Azərbaycan reallığında sadəcə korrupsiyanın qapısını daha da aralayır. İmkan və fürsət yaradır ki, korrupsiya daha da çiçəklənsin".

Bu sözləri Sitat.info-ya açıqlamasında iqtisadçı ekspert Natiq Cəfərli deyib.

O bildirib ki, bu dünyanın hər yerində belədir və belə də olub: "Cərimələr yüksək olanda, hətta ən sərt Sovet rejimində insanlar yol polisinə 3-5 manat rüşvət verirdilər, o vaxt da cərimələr həmin dövrə görə yüksək idi. Cərimələr 10-20 manat idi, insanlar 2-3 manat verib cərimədən yayınırdılar. İndi də cərimələr nə qədər yüksələcəksə, bir o qədər də korrupsiya üçün şərait yaranacaq".

N.Cəfərli əlavə edib ki, qoyulan qərarların bir məntiqi olmalıdır, araşdırması aparılmalıdır: "Şəhər daxilində bəzi yerlərdə sürət həddi 60-dan 50-ə, 40-a salınıb. Bu sürət həddinin 60 olması məgər hansı təhlükə yaradırdı. Hava limanı yolunda sürət 110-dan 90-a salınıb. Mən özüm o yoldan dəfələrlə istifadə etmişəm, boş yoldur, geniş və ikitərəfli yoldur. Kifayət qədər də keyfiyyətlidir. Amma 90-la sürməyə məcbursan, bu hansı məntiqə söykənir? Burada elmi araşdırmalar olmalıdır ki, sürət həddinin aşılmasına görə nə qədər qəzalar olur. Başqa səbəblər nədən ibarətdir? Avtoparkın köhnə olması nə qədər təsir göstərir. Bu kompleks məsələdir. Təkcə cərimələr məsələni həll etməyəcək, əksinə korrupsiya üçün daha yaxşı şərait yaradacaq". 

Nərgiz,

Sitat.info



Xəbər xətti