Bakıda 32 yaşlı şəxs iki qonşusunu bıçaqlayıb. Onun “Paranoid şizofreniya” kimi xroniki psixi xəstəlikdən əziyyət çəkdiyi məlum olub. Onun bu xəstəliyi ADNA terorundan sonra yaranıb. Aqil 12 ildir yaşadıqğı travmanın əziyyətini çəkir.
SİTAT.İNFO Musavat.com-a istinadən xəbər verir ki, Aqil iki qonşusuna bıçaqla xəsarət yetirməkdə ittiham olunub. Ona qarşı xuliqanlıq maddəsi ilə cinayət işi açılıb. Ekspertiza nəticəsində onun “Paranoid şizofreniya” xəstəliyindən əziyyət çəkdiyi məlum olub. Buna görə də Aqilin valideyni qanuni nümayəndə kimi tanınıb.
Hüquqi nümayəndə bildirib ki, oğlu 2010-cu ildə Azərbaycan Respublikası Dövlət Neft Akademiyasında baş verən terror hadisəsindən sonra sağalmaz xəstəliyə tutulub.
Hadisə baş verən zaman Aqil 3-cü kursda təhsil alırmış. Terror aktı nəticəsində Aqil qrup yoldaşı, yaxın dostu olan Yusifin vəfat etməsindən çox təsirlənib. Hadisə vaxtı təhsil müəssisəsində olan Aqil dostunun ölümünü də gördükdən sonra psixi xəstəliyə tutulub.
Valideyni qeyd edib ki, Aqili müalicə etsələr də müsbət nəticə verməyib. Aqilin qulağına səslər gəlib, bəzən gözünə müxtəlif insanlar görünüb. Bəzən də evdə yatan zaman qəfildən oyanan Aqil eyvana çıxıb kiminsə onu söyüb təhqir etdiyini deyərək qışqırırmış. Hadisədən bir neçə gün əvvəl Aqil 3 gün ard-arda gecələr yatmırmış.
Hadisə günü valideynləri Aqilin evdə olmadığını görüblər. Evdən çıxdıqda Aqilin əlində su, siqaret çəkərək həyətdə oturduğunu görüblər. Sonra məlum olub ki, Aqil qonşuları Razim və Seymura bıçaqla xəsarət yetirib. Amma heç bir səbəb göstərə bilməyib.
Zərərçəkmiş şəxslər Aqili bağışladıqlarını, onun xəstəlikdən əziyyət çəkdiyini bildiklərini söyləyiblər. Qeyd ediblər ki, hadisə günü Aqil heç bir səbəb olmadan onlar tərəfə gələrək bıçaqla xəsarət yetirib.
Məhkəmə tərəfləri dinlədikdən sonra Aqilin hadisəni törədən zaman anlaqsız vəziyyətdə olması qənaətinə gəlib. Onun barəsində ixtisaslaşdırılmış psixiatriya stasionarında məcburi müalicə şəklində tibbi xarakterli məcburi müalicə təyin edilib.