Ukrayna Prezidenti Volodimir Zelenski deyib ki, Krım yarımadası azad olunmayanadək müharibə bitməyəcək.
Zelenskinin sözlərinə görə, Ukrayna üçün qələbə yalnız 1991-ci il sərhədlərinin bərpasıdır: “Hazırda Ukraynanın səyləri cənub və şərqdəki ərazilərin geri alınmasına yönəlib. Amma son məqsədimiz Krımın azad edilməsidir. Biz Ukraynanı Krımsız təsəvvür edə bilmərik. Ukrayna rəsmiləri, o cümlədən Zelenski indiyə kimi dəfələrlə bildirib ki, bütün torpaqlar azad olunmayanadək savaş bitməyəcək. Əlbəttə, belə açıqlamalar müharibənin uzun müddət davam edəcəyinə və danışıqlar perspektivinin minimum olmasına işarədir".
K. Novruzov deyib ki, Krımın azad olunması yaxın gələcək üçün inandırıcı görünmür: "Birincisi ona görə ki, yarımadaya quru yol məhduddur. Deməli, Ukrayna ordusu hava üstünlüyünə nail olmalıdır. Bunun üçün "F-16" qırıcı təyyarələrinin tədarükü şərtdir. Qırıcıların nə vaxt Ukraynaya təhvil veriləcəyi dəqiq deyil. İkinci bir tərəfdən, Rusiya uzun illər ərzində Krımda güclü istehkamlar yaradıb. Bu isə o deməkdir ki, Ukrayna ordusunun işi heç də asan olmayacaq. Buna baxmayaraq, Krımdakı hərəkətlənmələr, o cümlədən partlayışlar onu deməyə əsas verir ki, Ukrayna kəşfiyyatı kifayət qədər yaxşı işləyir. Məhz bunun nəticəsidir ki, Krımdakı əhali artıq yarımadanı tərk etməyə başlayıb. Görünür, onlar təhlükəsiz olmadıqlarını anlayırlar. Rusların Krımdan çıxması şübhəsiz ki, Ukraynaya üçün avantajdır".
Siyasi şərhçi dünən Krım separatçılarının başçısı Sergey Aksenova qarşı sui-qəsd cəhdindən danışıb: "Doğrudur, cəhdin qarşısı alınıb. Lakin bu, göstərir ki, Ukrayna yarımadanı azad etməkdə israrlıdır. Gələcəkdə də Krımda oxşar hadisələrin təkrarlanması mümkündür".
O qeyd edib ki, Krımın azad olunması rəsmi Kiyev üçün uzaq perspektivdir: "Ukrayna qarşısına bu məqsədi qoymaqla əslində doğru strategiyanı seçib. Bu, həm də Rusiyaya mesajdır. Rəsmi Moskva unutmamalıdır ki, Qərbin də dəstəyi ilə müharibə uzun illər davam edə bilər. Deməli, ya danışıqlar olmalı, ya savaş uzanmalıdır. Rusiya buna hazırdırmı?".
Siyasi şərhçi Kənan Novruzov, xüsusi olaraq Sitat.info üçün