"İran XİN rəhbərinin Azərbaycana səfəri, əlbəttə, Azərbaycanla münasibətləri normallaşdırmaq baxımından əhəmiyyətlidir".
Bu sözləri Sitat.info-ya açıqlamasında politoloq Tural İsmayılov deyib.
Onun sözlərinə görə, nəzərə almalıyıq ki, Azərbaycan-İran münasibətlərinin bu günki gərgin vəziyyətinin səbəbkarı İran İslam Respublikasıdır: "Qoşulmama Hərəkatı Xarici işlər nazirlərinin toplantısı səviyyəsində həyata keçirilən bu səfərdə İran XİN rəhbəri ilə İranın Azərbaycana qarşı atdığı qəbuledilməz addımları müzakirə ediləcək və İran-Azərbaycan münasibətlərində narazılıq yaradan məqamlar, həmçinin, iki ölkə arasında münasibətlərin bundan sonrakı vəziyyəti müzakirə predmeti olacaq, amma təbii ki, tək bir səfərlə Azərbaycanla İran arasında İranın ucbatından dağılmış münasibətləri bərpa etmək, tam olaraq dostluq münasibətləri yaratmaq qeyri-mümkündür. Çünki İranın rəsmi mediasında Azərbaycana qarşı dezinformasiyalar və informasiya hücumları bir an belə olsun dayanmır".
Politoloq qeyd edib ki, bu görüşdən sonra köklü şəkildə iki ölkə arasındakı münasibətlərin düzəlməsi gözlənilmir: "Lakin Azərbaycanla İran arasındakı münasibətlərin bundan sonrakı inkişafı baxımından İran XİN rəhbərinin Bakıya səfərinin və keçirdiyi görüşlərin əhəmiyyəti mövcuddur".
Ayna Fərhad
Sitat.info