"Azərbaycan Rusiyaya 48 saat vaxt verməlidir ki..." - Natiq Cəfərlidən KƏSKİN MÖVQE

13:25 7 İyul 2023

"Rusiya Müdafiə Nazirliyi Laçın yoluna “koridor” deyir, bizdən “koridorun” açılmasını və fasiləsiz fəaliyyətini tələb edir, hətta yolun girişində bizim bayrağımızı endiriblər – yaxşı, bütün bunların cavabı olacaqmı?! Paşinyan deyir ki, Xankəndi və ətrafında, Azərbaycan ərazisində Ermənistan ordusu yoxdur. Halbuki son əməliyyatımız zamanı məhv edilən 4 terrorçudan 2-si Ermənistan doğumludur, Paşinyan və komandası deyir ki, onlar könüllüdür, ordu mənsubu deyillər. Qondarma rejimin “rəsmiləri” isə açıq şəkildə deyirlər ki, Xankəndi və ətrafında silahlı qüvvələri var, o əlisilahlı terrorçuların olduğunu rəsmən bildirir, o quldurları isə Rusiya “sülhməramlıları” açıq şəkildə dəstəkləyir və qoruyur".

Bu sözləri iqtisadçı ekspert Natiq Cəfərli Sitat.info-ya açıqlamasında deyib. 

O bildirib ki, hazırki durumda Azərbaycan hökuməti daha həssas davranış nümayiş etdirməlidir: "Yaxşı, indi biz nə etməliyik?! Bir çoxları geniş anti-terror əməliyyatının zamanının yetişdiyini söyləyir, amma məncə, daha incə və hərbi-siyasi davranmalıyıq. Zatən orada Ordumuz və digər güc strukturlarımız gündəlik anti-terror rejimində çalışırlar, yəni, minlərlə əsgəri bir yerə toplayıb “urraa” qışqırıb irəli getməyə ehtiyac yoxdur. Azərbaycanın əlində faktlar, terrorçuların dislokasiyası var. İlk addım kimi Rusiyaya həmin faktlar nota ilə birgə təqdim edilir, 48 saat vaxt verilir ki, Rusiya 10 Noyabr sazişinə uyğun olaraq onları ərazidən çıxartsın, əgər çıxartmasalar nöqtə atışlarla məhv ediləcəyi qeyd edilməlidir. Hava məkanına şəksiz nəzarət edən Azərbaycan çox asanlıqla bunu edə bilər, pararalel olaraq Rusiyaya verilən görüntülər və nota müxtəlif dillərdə dünya ölkələrinə də çatdırılmalıdır. Və belə görüntü və rəsmi müraciət (tələb) hər gün rutin işə çevrilməli, bütün silahlılar bölgədən çıxarılana qədər davam etməlidir".

N.Cəfərli hesab edir ki, əgər indi iri miqyaslı hərbi anti-terror əməliyyatlarına başlasaq, bu zaman erməni-rus birləşmələri böyük provokasiyalara gedə, hətta bizim əsgərimizin formasını qeyinib özləri dinc əhaliyə qarşı qətillər törədib dünyaya hay-küy sala bilərlər: "Zatən bunun üçün çalışırlar, qondarma iddia ortaya atıb, güya, Azərbaycanın qətllərə, etnik təmizləməyə hazırlaşdığını utanmadan car çəkirlər.

Buna görə də, anti-terror addımları kütləvi deyil də, gündəlik rutin işə çevrilməli, bunun xəbər və PR ayağı çox doğru təşkil edilməlidir".

Nərgiz,

Sitat.info



Xəbər xətti